Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

Mark 1-8

Mark 1


Vəftizçi Yəhyanın gəlişi


(Mat. 3:1-12; Luka 3:1-18; Yəh. 1:19-28)


1Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.  2 Yeşaya peyğəmbərin kitabında belə yazılıb: «Budur, Sənin önündə Öz elçimi göndərirəm.

O Sənin yolunu hazırlayacaq.

3 Səhrada nida edənin səsi gəlir:

“Rəbbin yolunu hazırlayın,

Onun keçəcəyi yerləri düz edin”».

4Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi.  5Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular.  6 Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.  7Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm.  8Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».

İsanın vəftiz olunması və sınağa çəkilməsi

(Mat. 3:13-4:11; Luka 3:21-22; 4:1-13)

9O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu.  10İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü.  11 Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».  12Ruh dərhal İsanı səhraya çəkib-apardı.  13O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.

İsa xidmətinə başlayır

(Mat. 4:12-17; Luka 4:14-15)

14Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsinivəz edirdi:  15 «Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».

İlk şagirdlər

(Mat. 4:18-22; Luka 5:1-11)

16İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi.  17İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».  18Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər.  19İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər.  20İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.

İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur

(Luka 4:31-37)

21Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı.  22 Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi.  23Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı:  24«Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!»  25Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!»  26Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı.  27Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər».  28İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.

İsa çox adama şəfa verir

(Mat. 8:14-17; Luka 4:38-41)

29Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər.  30Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər.  31İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.  32Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər.  33Bütün şəhər əhalisi qapının yanına yığıldı.  34İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.

İsa vəzini davam etdirir

(Luka 4:42-44)

35Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi.  36Şimon və onun yanındakılar İsanın ardınca düşdülər.  37Onu tapıb dedilər: «Hamı Səni axtarır».  38İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm».  39 Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.

İsa cüzamlıya şəfa verir

(Mat. 8:1-4; Luka 5:12-16)

40Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən».  41İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!»  42Dərhal bu adam cüzamdan sağalıb pak oldu,  43İsa o an onu yola salıb ciddi tapşıraraq  44 belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar».  45Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.

 


Mark 2

İsa iflicə şəfa verir

(Mat. 9:1-8; Luka 5:17-26)

1Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı.  2O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi.  3Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər.  4Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər.  5İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı».  6Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər:  7«Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?»  8İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz?  9Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək?  10Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi:  11«Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!»  12Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik».

Levi şagirdlərə qoşulur

(Mat. 9:9-13; Luka 5:27-32)

13İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi.  14Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi.  15İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi.  16Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?»  17İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».

Oruc barəsində sual

(Mat. 9:14-17; Luka 5:33-39)

18Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?»  19İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar.  20Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar.  21Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar.  22Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır».

Şənbə günü haqqında təlim

(Mat. 12:1-8; Luka 6:1-5)

23 Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar.  24Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?»  25 İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı?  26O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi».  27Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb.  28Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir».

 

Mark 3

Əli qurumuş adamın şəfası

(Mat. 12:9-14; Luka 6:6-11)

1 İsa yenə də sinaqoqa girdi. Orada əli qurumuş bir adam var idi.  2Bəzi adamlar İsanı ittiham etmək məqsədi ilə Ona göz qoyurdular ki, görsünlər, bu adama Şənbə günü şəfa verəcək ya yox.  3İsa əli qurumuş adama dedi: «Qabağa çıx!»  4Sonra İsa onlara dedi: «Hansına icazə var, Şənbə günü yaxşılıq, yoxsa pislik etməyə, kiminsə canını xilas etməyə, yoxsa öldürməyə?» Onlarsa susurdu.  5İsa ətrafındakılara qəzəblə baxdı və onların inadkar ürəkli olduqlarına görə kədərlənib o adama dedi: «Əlini uzat!» O, əlini uzatdı və əli əvvəlki halına qayıtdı.  6Fariseylər çıxıb İsanı necə məhv etmək barədə dərhal hirodçularla məsləhətləşdilər.

İsa xəstələrə şəfa verir

(Mat. 4:24-25; Luka 6:17-19)

7İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi.  8İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi.  9İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar.  10Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar.  11Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!»  12Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.

On İki şagird

(Mat. 10:1-4; Luka 6:12-16)

13İsa dağa çıxaraq Özü istədiyi adamları yanına çağırdı və onlar yanına gəldilər.  14İsa on iki nəfəri həvari adlandıraraq təyin etdi ki, bu adamlar Onun yanında olsun, həm də onları vəz etməyə göndərsin,  15həmçinin cinləri qovmaq səlahiyyətinə malik olsunlar.  16Beləliklə, İsa bu on iki nəfəri təyin etdi: Peter adlandırdığı Şimon,  17Bene-Rageş, yəni «İldırım oğulları» adlandırdığı Zavday oğlu Yaqub və Yaqubun qardaşı Yəhya,  18Andrey, Filip, Bartalmay, Matta, Tomas, Halfay oğlu Yaqub, Tadday, Kənançı Şimon  19və İsaya xəyanət edən Yəhuda İskaryot.

İsa və Baal-Zevul

(Mat. 12:22-32; Luka 11:14-23)

20Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər.  21İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.  22 Yerusəlimdən gələn ilahiyyatçılar isə deyirdilər: «O, Baal-Zevula tutulub, cinlərin başçısının gücü ilə cinləri qovur».  23İsa ilahiyyatçıları yanına çağırıb onlarla bu barədə məsəllərlə danışdı: «Şeytan Şeytanı necə qova bilər?  24Əgər bir padşahlıq öz daxilindən bölünübsə, davam gətirməz.  25Əgər bir ev öz daxilindən bölünübsə, davam gətirməz.  26Şeytan da özünə qarşı qalxıb öz-özünə bölünübsə, davam gətirməz, yalnız axırı çatar.  27Heç kim güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan malını qarət edə bilməz. Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin.  28 Sizə doğrusunu deyirəm: bütün günahlar və nə qədər küfr söylənərsə, bəşər övladlarına bağışlanacaq.  29Lakin kim Müqəddəs Ruha küfr edərsə, heç vaxt bağışlanmayacaq və günahı boynunda əbədi qalacaq».  30İsa bunu «Onda natəmiz ruh var» dediklərinə görə söylədi.

İsanın anası və qardaşları kimdir?

(Mat. 12:46-50; Luka 8:19-21)

31İsanın anası və qardaşları gəldi. Onlar bayırda durdular və İsanın yanına xəbər göndərib Onu çağırdılar.  32Bir kütlə adam İsanın ətrafında oturmuşdu. Ona xəbər verdilər: «Budur, anan və bacı-qardaşların bayırda dayanıb Səni istəyirlər».  33İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım kimdir?»  34Sonra ətrafında oturanlara baxaraq dedi: «Mənim anam və qardaşlarım bunlardır.  35Çünki kim Allahın iradəsini yerinə yetirirsə, Mənim qardaşım, bacım və anam odur».

 


Mark 4

Səpilən toxum məsəli

(Mat. 13:1-23; Luka 8:4-15)

1İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, Özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdiham isə gölün sahilində dayanmışdı.  2İsa onlara məsəllərlə bir çox şey öyrədərək Öz təlimində belə dedi:  3«Qulaq asın: bir əkinçi toxum səpməyə çıxdı.  4Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi.  5Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi.  6Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu.  7Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi.  8Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi otuz, bəzisi altmış, bəzisi də yüz qat səmərə verdi».  9Daha sonra İsa dedi: «Eşitməyə qulağı olan eşitsin!»  10İsa tək qalanda On İki şagird və ətrafında olanlar məsəllərin izahını soruşdular.  11O onlara dedi: «Allahın Padşahlığının sirri sizə açılmışdır, amma kənarda olanlara hər şey məsəllərlə deyilir.  12 Belə ki “Gördükcə görsünlər, amma qanmasınlar,

Eşitdikcə eşitsinlər, amma anlamasınlar,

Yoxsa onlar dönüb bağışlanar”».

13İsa onlara dedi: «Siz bu məsəli anlamırsınızmı? Bəs bütün məsəlləri necə başa düşəcəksiniz?  14Əkinçi Allahın kəlamını əkir.  15Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyir. Bunlar kəlamı eşidəndə dərhal Şeytan gəlib əkilən kəlamı götürüb aparır.  16Daş-kəsəkli yerlərə səpilən bunlardır: kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər.  17Lakin onlarda kök olmadığına görə dözümləri az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar.  18Tikanlar arasına səpilən başqaları isə bunlardır: kəlamı eşidirlər,  19lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan ehtiraslar araya girib kəlamı boğur və kəlam barsız olur.  20Münbit torpağa səpilənlərsə bunlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat səmərə verir».

Çıraq məsəli

(Luka 8:16-18)

21İsa onlara dedi: «Çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O, çıraqdana qoymaq üçün deyilmi?  22 Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın.  23Eşitməyə qulağı olan eşitsin!»  24İsa yenə onlara dedi: «Eşitdiyinizə diqqət edin: hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək.  25Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq».

Cücərmiş toxum məsəli

26Sonra İsa dedi: «Allahın Padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir.  27O, gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir.  28Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sünbül, daha sonra sünbülün dənləri iriləşib yetişir.  29Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlmişdir».

Xardal toxumu məsəli

(Mat. 13:31-32,34; Luka 13:18-19)

30Sonra İsa belə dedi: «Allahın Padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək?  31O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da,  32əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budaq atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər».  33İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsəllərlə kəlam söyləyirdi;  34onlara məsəlsiz söz deməzdi. Amma Öz şagirdləri ilə tək qalanda hər şeyi izah edirdi.

İsa tufanı yatırır

(Mat. 8:23-27; Luka 8:22-25)

35Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi: «Gəlin o biri sahilə keçək».  36Şagirdlər camaatdan ayrılaraq İsanı mindiyi qayıqla birgə apardılar; onun yanında başqa qayıqlar da var idi.  37Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu.  38İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər Onu oyadaraq dedilər: «Müəllim! Axı biz həlak oluruq! Bu Səni narahat etmirmi?»  39İsa durub küləyə qadağan etdi və gölə dedi: «Sus, sakit ol!» Külək dayandı və dərin sükut çökdü.  40İsa onlara dedi: «Niyə qorxursunuz? Hələ imanınız yoxdurmu?»  41Onlar dəhşətə düşüb bir-birindən soruşdular: «Bu Adam kimdir ki, külək də, göl də Ona itaət edir?»

 


Mark 5

Cinə tutulmuş adam sağaldılır

(Mat. 8:28-34; Luka 8:26-39)

1Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər.  2İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı.  3O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi.  4Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı.  5Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı.  6O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı,  7bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!»  8Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!»  9Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq».  10Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı.  11Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı.  12Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək».  13İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu.  14Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi.  15Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər.  16Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər.  17İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın.  18İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın.  19İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış».  20Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi.

Qızın dirilməsi və qadının şəfa tapması

(Mat. 9:18-26; Luka 8:40-56)

21İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi.  22Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü.  23Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın».  24İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı.  25Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi.  26O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi.  27Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu.  28Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram».  29Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı.  30İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?»  31Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?»  32Bunu edəni görmək üçün İsa ətrafa baxdı.  33Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi.  34İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal».  35İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?»  36Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!»  37O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı.  38Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü.  39İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb».  40Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi.  41İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!»  42On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı.  43İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər.

 


Mark 6

İsa Öz yurdunda rədd edilir

(Mat. 13:53-58; Luka 4:16-30)

1İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi.  2Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir?  3Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu.  4İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar».  5Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi.  6İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.

On İki şagirdə verilən vəzifə

(Mat. 10:1-15; Luka 9:1-6; 10:1-12)

7İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi.  8 Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər,  9ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər.  10İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın.  11 Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın».  12Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar.  13Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər.

Yəhyanın edamı

(Mat. 14:1-12; Luka 9:7-9)

14 Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».  15Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir».  16Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!»  17 Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı  18və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır».  19Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi.  20Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi.  21Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi.  22Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim».  23Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm».  24Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını».  25Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən».  26Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi.  27Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu  28və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi.  29Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

İsa beş min nəfəri doydurur

(Mat. 14:13-21; Luka 9:10-17; Yəh. 6:1-14)

30Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər.  31İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar.  32Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər.  33Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar.  34 İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.  35Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir.  36Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər».  37Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?»  38Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var».  39İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar.  40Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu.  41İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü.  42Hamı yeyib-doydu.  43Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu.  44Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi.

İsa suyun üstü ilə yeriyir

(Mat. 14:22-33; Yəh. 6:15-21)

45Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər.  46İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı.  47Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı.  48O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi.  49Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar.  50Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!»  51Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı.  52Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər.

İsa Ginesarda xəstələrə şəfa verir

(Mat. 14:34-36)

53İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar.  54Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı  55və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar.  56İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı.

 


Mark 7

İnsanı murdar edən nədir?

(Mat. 15:1-20)

1Fariseylər və Yerusəlimdən gələn bəzi ilahiyyatçılar İsanın yanına yığıldı.  2Onlar gördülər ki, İsanın şagirdlərindən bəzisi murdar əllərlə, yəni əllərini yumamış çörək yeyir.  3Fariseylər və bütün Yəhudilər ağsaqqallardan qalan adət-ənənəyə əməl edərək əllərini yaxşı-yaxşı yumadan yemək yeməzlər.  4Onlar bazardan gələndə yuyunmadan heç nə yeməzlər. Həmçinin bir sıra başqa adət-ənənələrə də əməl edərlər. Belə ki onlar kasaları, dolçaları, tunc qazanları və yataqları yuyub paklayarlar.  5Fariseylər və ilahiyyatçılar İsadan soruşdular: «Nə üçün şagirdlərin ağsaqqallardan qalan adət-ənənəyə görə yaşamayaraq murdar əllərlə çörək yeyirlər?»  6İsa onlara dedi: «Yeşaya peyğəmbər siz ikiüzlülər üçün nə yaxşı söyləyib! Yazıldığı kimi: “Bu xalq dodaqları ilə Mənə hörmət edir,

Amma qəlbləri Məndən uzaqdır.

7Boş yerə Mənə səcdə edirlər,

İnsan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”.

8Siz Allahın əmrini atıb insan adət-ənənəsini tutursunuz».  9Sonra İsa onlara dedi: «Öz adət-ənənənizi bərqərar etmək üçün Allahın əmrini kənara atmağı necə də yaxşı bacarırsınız!  10Çünki Musa belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”.  11Sizsə deyirsiniz: “Bir adam atasına yaxud anasına ‹məndən umduğun yardım qurban oldu›, yəni ‹Allaha həsr olundu› desə”,  12onda həmin adama izin vermirsiniz ki, ata-anasına yardım etsin.  13Bununla da siz nəsildən-nəslə ötürdüyünüz adət-ənənənizlə Allahın kəlamını heç edirsiniz. Axı buna bənzər çox işlər görürsünüz».  14İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin.  15Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır».  1617İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular.  18İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz?  19Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi.  20O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır.  21Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik,  22zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar.  23Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».

Finikiyalı qadının imanı

(Mat. 15:21-28)

24İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.  25Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü.  26Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.  27İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz».  28Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir».  29İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi».  30Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.

Kar və pəltək bir adamın sağalması

31İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı.  32Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun.  33İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu.  34Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!»  35O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı.  36İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar.  37Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».

 


Mark 8

İsa dörd min nəfəri doydurur

(Mat. 15:32-39)

1O günlər yenə böyük izdiham toplaşdı. Onların yeməkləri olmadığı üçün İsa şagirdləri yanına çağırıb dedi:  2«Bu camaata yazığım gəlir, çünki üç gündür ki, yanımdadırlar və yeməyə heç nələri yoxdur.  3Əgər onları evlərinə ac yola salsam, yolda taqətdən düşərlər. Onların bəzisi uzaqdan gəlib».  4Şagirdləri Ona cavab verdilər: «Kimsə bu çöllükdə haradan çörək tapa bilər ki, bu qədər insanı doydursun?»  5İsa onlardan soruşdu: «Neçə çörəyiniz var?» Onlar dedilər: «Yeddi».  6Onda İsa camaata əmr etdi ki, yerə otursunlar. Yeddi çörəyi götürdü və şükür edərək bölüb paylamaq üçün şagirdlərinə verdi. Şagirdlər də camaata payladı.  7Onların bir neçə kiçik balığı da var idi və İsa şükür duası edəndən sonra bunları da paylamağı əmr etdi.  8Camaat yeyib-doydu. Artıq qalan hissələri yığdılar, yeddi səbət doldu.  9Orada dörd minə yaxın adam var idi. İsa onları yola saldı.  10O, şagirdləri ilə birlikdə dərhal qayığa minib Dalmanuta bölgəsinə getdi.

Fariseylərin və Hirodun mayası

(Mat. 12:38-39; 16:1-12)

11 Fariseylər İsanın yanına gəlib Onunla mübahisə etməyə başladılar. Onu sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin.  12O, ürəyində dərin bir ah çəkib dedi: «Niyə bu nəsil əlamət axtarır? Sizə doğrusunu deyirəm: bu nəslə heç bir əlamət verilməyəcək».  13Sonra onları tərk edib yenə qayığa mindi və o biri sahilə tərəf üzdü.  14Şagirdləri çörək götürməyi yaddan çıxarmışdılar. Qayıqda onların yalnız bir dənə çörəyi var idi.  15İsa onlara xəbərdarlıq edərək dedi: «Ehtiyatlı olun, fariseylərin mayasından və Hirodun mayasından özünüzü gözləyin».  16Şagirdlər isə öz aralarında danışıb deyirdilər: «Bunu çörəyimiz olmadığı üçün deyir».  17İsa bunu bilərək onlara dedi: «Nə üçün çörəyinizin yoxluğundan danışırsınız? Hələ dərk etmirsinizmi, başa düşmürsünüzmü? Niyə ürəyiniz inadkardır?  18Gözləriniz ola-ola görmürsünüzmü? Qulaqlarınız ola-ola eşitmirsinizmi? Məgər yadınızdan çıxıb?  19Mən beş çörəyi beş min nəfərin arasında bölüb paylayanda yemək tikələrindən neçə zənbil doldurdunuz?» Onlar dedilər: «On iki».  20«Yeddi çörəyi dörd min nəfərin arasında bölüb paylayanda çörək tikələrindən neçə səbət doldurdunuz?» Onlar dedilər: «Yeddi».  21İsa onlara dedi: «Hələ başa düşməmisinizmi?»

Bet-Saydada olan korun şəfa tapması

22Onlar Bet-Saydaya gəldilər. Bəzi adamlar İsanın yanına bir kor adam gətirdilər və İsa bu adama toxunsun deyə Ona yalvardılar.  23İsa korun əlindən tutub kənddən kənara apardı. Sonra onun gözlərinə tüpürüb əllərini onun üzərinə qoydu və soruşdu: «Bir şey görürsənmi?»  24Kor yuxarı baxıb dedi: «Adamlar görürəm, ağaclara oxşayır, amma yeriyirlər».  25Onda İsa əllərini yenidən bu adamın gözlərinin üstünə qoydu. Kor adam gözlərini açıb baxdı. O şəfa tapdı və hər şeyi aydın görməyə başladı.  26İsa onu evinə göndərdi və dedi: «Kəndə belə, girmə».

Peterin Məsihi tanıması

(Mat. 16:13-20; Luka 9:18-21)

27İsa şagirdləri ilə birgə Filip Qeysəriyyəsinin kəndlərinə tərəf yollandı. Yolda şagirdlərindən soruşdu: «Adamların dediyinə görə Mən kiməm?»  28Şagirdləri Ona belə cavab verdilər: «Bəziləri Vəftizçi Yəhya, başqaları İlyas, digərləri isə deyirlər ki, peyğəmbərlərdən birisən».  29İsa onlardan soruşdu: «Bəs siz nə deyirsiniz? Sizcə Mən kiməm?» Peter Ona cavab verdi: «Sən Məsihsən».  30İsa şagirdlərinə qadağan etdi ki, Onun haqqında heç kəsə danışmasınlar.

İsa ölüb-diriləcəyi barədə əvvəlcədən xəbər verir

(Mat. 16:21-28; Luka 9:22-27)

31İsa onlara təlim öyrətməyə başladı: «Bəşər Oğlu çox əzab çəkməli, ağsaqqallar, başçı kahinlər və ilahiyyatçılar tərəfindən rədd edilməli, öldürülməli və üç gündən sonra dirilməlidir».  32İsa bu sözləri aydın deyirdi. Peter isə Onu bir kənara çəkib etiraz etməyə başladı.  33Amma İsa dönüb şagirdlərinə baxdı və Peterə etiraz etdi: «Çəkil qarşımdan, Şeytan! Sən Allahın işləri haqqında deyil, insan əməlləri barəsində fikirləşirsən».  34İsa şagirdləri ilə birgə camaatı da yanına çağırıb belə dedi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və çarmıxını götürüb ardımca gəlsin.  35 Kim canını xilas etmək istəyirsə, onu itirəcək, amma kim Mənimlə Müjdə uğrunda canını itirirsə, onu xilas edəcək.  36İnsana bütün dünyanı qazanıb canını itirməyinin nə xeyri var?  37İnsan öz canının əvəzinə nə verə bilər?  38Bu vəfasız və günahkar nəsil arasında kim Məndən və Mənim sözlərimdən utanarsa, Bəşər Oğlu da Atasının izzəti içində müqəddəs mələklərlə birgə gələndə o adamdan utanacaq».


Mark 9-16

Mark 9


1İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: burada duranlardan bəzisi Allahın Padşahlığının qüdrətli gəlişini görmədən ölməyəcək».


İsanın görünüşü dəyişir


(Mat. 17:1-13; Luka 9:28-36)


2 Altı gündən sonra İsa Özü ilə yalnız Peter, Yaqub və Yəhyanı götürüb hündür bir dağa çıxdı. Onların qarşısında görünüşü dəyişdi.  3Onun libası göz qamaşdırıcı ağ rəng aldı. Yer üzündə heç bir paltar təmizləyən onu belə ağ edə bilməzdi.  4O an İlyas və Musa onlara göründü. Onlar İsa ilə söhbət edirdi.  5Peter sözə başlayıb İsaya dedi: «Rabbi! Nə yaxşı ki biz buradayıq. Gəl üç çardaq quraq, biri Sənin, biri Musa, biri də İlyas üçün».  6O bilmirdi ki, nə desin, çünki onları dəhşət bürümüşdü.  7 Bu zaman bir bulud onların üzərinə kölgə saldı. Buluddan bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ona qulaq asın!»  8Birdən ətrafa baxanda artıq yanlarında İsadan başqa kimsəni görmədilər.  9Dağdan enərkən İsa şagirdlərinə qadağan etdi ki, Bəşər Oğlu ölülər arasından dirilənə qədər orada gördüklərini heç kimə deməsinlər.  10Onlar da bu sözü ürəklərində saxladılar, amma bir-birlərindən soruşdular ki, ölülər arasından dirilmək nə deməkdir.  11 Ondan soruşdular: «Elə isə niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?»  12İsa onlara belə dedi: «Düzdür, əvvəlcə İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Bəs Bəşər Oğlu barəsində nə üçün yazılıb ki, O, çox əzab çəkib alçaldılmalıdır?  13Lakin sizə deyirəm: artıq İlyas gəldi və haqqında yazıldığı kimi, nə istədilərsə, onun başına gətirdilər».

Oğlandan cin çıxarılır

(Mat. 17:14-20; Luka 9:37-43)

14Onlar şagirdlərin yanına gələndə böyük bir izdihamın toplaşdığını və bir neçə ilahiyyatçının şagirdlərlə mübahisə etdiyini gördülər.  15İsanı görən kimi bütün izdihamı heyrət bürüdü və qarşısına qaçıb Onu salamladılar.  16İsa adamlardan soruşdu: «Onlarla nə barədə mübahisə edirsiniz?»  17Camaat arasından biri Ona cavab verdi: «Müəllim! Mən Sənin yanına lallıq ruhuna tutulmuş oğlumu gətirmişəm.  18Ruh onu harada tutursa, yerə çırpır, uşağın ağzı köpüklənir, dişlərini qıcıdır və qıc olur. Şagirdlərindən xahiş etdim ki, bu ruhu qovsunlar, amma bacarmadılar».  19İsa da cavabında onlara dedi: «Ey imansız nəsil! Nə vaxta qədər sizinlə qalacağam? Nə vaxta qədər sizə dözəcəyəm? Uşağı yanıma gətirin!»  20Uşağı Onun yanına gətirdilər və İsanı görən kimi ruh dərhal uşağı sarsıtdı. Uşaq yerə yıxılıb yuvarlanırdı və ağzından köpük daşırdı.  21İsa onun atasından soruşdu: «Bu uşaq nə vaxtdan belə hala düşüb?» Uşağın atası dedi: «Körpəlikdən bəri.  22Bu ruh onu həlak etmək üçün dəfələrlə oda və suya atıb. Amma bacarırsansa, bizə kömək et, bizə rəhmin gəlsin!»  23İsa ona dedi: «“Bacarırsansa” nə sözdür? İman edən üçün hər şey mümkündür!»  24Uşağın atası dərhal fəryad qopararaq dedi: «İman edirəm, kömək et ki, imansızlığım yox olsun!»  25İsa camaatın qaçıb gəldiyini görəndə natəmiz ruha qadağan edib dedi: «Ey lallıq və karlıq ruhu, Mən sənə əmr edirəm, bu uşağın içindən çıx və bir daha ora girmə!»  26Ruh çığırıb uşağı sarsıdaraq çıxdı. Uşaq ölü kimi düşdü və çoxları dedi: «O öldü!»  27Lakin İsa uşağın əlindən tutub qaldırdı və o, ayağa qalxdı.  28İsa evə girəndən sonra şagirdləri təklikdə Ondan soruşdular: «Bəs nə üçün biz o ruhu qova bilmədik?»  29İsa onlara cavab verdi: «Bu cür ruhlar yalnız dua ilə çıxa bilər».

İsa ölüb-diriləcəyi barədə yenə xəbər verir

(Mat. 17:22-23; Luka 9:43-45)

30Onlar oranı tərk edib Qalileyadan keçirdilər. İsa istəmirdi ki, kimsə bundan xəbər tutsun.  31Çünki şagirdlərinə təlim öyrədirdi. Onlara belə deyirdi: «Bəşər Oğlu insan əllərinə təslim ediləcək və Onu öldürəcəklər. Öldürüldükdən üç gün sonra O diriləcək».  32Lakin şagirdlər bu sözü başa düşmədilər və Ondan soruşmaqdan da qorxurdular.

Ən böyük kimdir?

(Mat. 18:1-9; Luka 9:46-50; 17:1-2)

33Onlar Kefernahuma gəldilər. İsa evdə olanda şagirdlərdən soruşdu: «Yol boyu nə barədə mübahisə edirdiniz?»  34 Heç kim dillənmədi, çünki yol boyu öz aralarında kimin ən böyük olması barədə mübahisə etmişdilər.  35İsa oturub On İki şagirdi yanına çağıraraq dedi: «Əgər bir kəs birinci olmaq istəyirsə, hamıdan axırıncı və hamının xidmətçisi olsun».  36O, balaca bir uşağı götürüb şagirdlərin arasına qoydu və sonra uşağı qucağına alıb onlara dedi:  37«Kim Mənim adımla belə uşaqlardan birini qəbul edərsə, Məni qəbul edər. Kim Məni qəbul edərsə, Məni yox, Məni Göndərəni qəbul edər».  38Yəhya Ona dedi: «Müəllim, biz Sənin adınla cinləri qovan bir nəfəri gördük, amma bizim ardımızca gəlmədiyinə görə ona mane olduq».  39İsa onlara dedi: «Ona mane olmayın! Elə bir adam yoxdur ki, Mənim adımla möcüzə göstərsin və sonra Məni pisləsin.  40Çünki əleyhimizə olmayan bizim tərəfimizdədir.  41Məsihə məxsus olduğunuz üçün kim sizə bir kasa su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq.  42Kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar.  43Əgər əlin səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata şikəst olaraq daxil olmağın iki əllə cəhənnəmə, sönməz oda düşməyindən yaxşıdır.  4445Əgər ayağın səni pis yola çəkərsə, onu kəs. Sənin əbədi həyata topal olaraq daxil olmağın iki ayaqla cəhənnəmə atılmağından yaxşıdır.  4647Əgər gözün səni pis yola çəkərsə, onu çıxart. Sənin tək gözlə Allahın Padşahlığına daxil olmağın iki gözlə cəhənnəmə atılmağından yaxşıdır.  48Oradakıları gəmirən qurd ölmür və oranın yanar odu sönmür.  49Çünki hamı odla duzlanacaq.  50Duz yaxşı şeydir, amma əgər duz dadsız olarsa, ona nə ilə dad vermək olar? Qoy sizdə duz və aranızda da sülh olsun».

 

YUXARI

Mark 10

Boşanma haqqında

(Mat. 19:1-12)

1İsa oradan ayrılıb Yəhudeya bölgəsinə və İordan çayının o biri tayına getdi. Yenə çoxlu adam Onun başına yığıldı və O, adətinə görə yenidən təlim öyrətməyə başladı.  2Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «Kişinin öz arvadını boşamağa icazəsi varmı?»  3İsa onlara cavab verdi: «Musa sizə nə əmr etdi?»  4Onlar dedi: «Musa kişiyə talaq kağızını yazıb arvadını boşamağa icazə verdi».  5İsa da onlara belə dedi: «O bu əmri ürəyiniz inadkar olduğuna görə yazdı.  6Allah yaradılışın başlanğıcından “onları kişi və qadın olaraq yaratdı”.  7“Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq  8və ikisi bir bədən olacaq”. Artıq onlar iki deyil, bir bədəndir.  9Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».  10Onlar evdə olarkən şagirdlər İsaya bu barədə yenə sual verdilər.  11İsa onlara belə cavab verdi: «Arvadını boşayıb başqası ilə evlənən kəs arvadına münasibətdə zina edir.  12Ərindən boşanıb başqasına gedən qadın da zina edir».

İsa uşaqlara xeyir-dua verir

(Mat. 19:13-15; Luka 18:15-17)

13Adamlar uşaqları İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Şagirdlərsə onlara qadağan etdilər.  14Bunu görən İsa acıqlanaraq onlara dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur.  15Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz».  16Sonra uşaqları qucaqlayıb əllərini onların üzərinə qoydu və xeyir-dua verdi.

Var-dövlət və Allahın Padşahlığı

(Mat. 19:16-30; Luka 18:18-30)

17İsa yola çıxarkən bir nəfər qaça-qaça Onun yanına gəldi. Onun qarşısında diz çökərək soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?»  18İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur.  19Onun əmrlərini bilirsən: “Qətl etmə. Zina etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Kimisə aldatma. Ata-anana hörmət et”».  20Bu adamsa İsaya dedi: «Müəllim, bunların hamısına gəncliyimdən bəri riayət edirəm».  21İsa ona məhəbbətlə baxaraq dedi: «Sənin bir şeyin çatışmır: get nəyin varsa, satıb yoxsullara payla. Onda göydə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl».  22Bunu eşidən adam pərt oldu. Kədərlənib getdi, çünki var-dövləti çox idi.  23İsa ətrafındakılara baxdı və şagirdlərinə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir!»  24Onun sözlərindən şagirdləri heyrət bürüdü. Amma İsa yenə onlara cavab verib dedi: «Övladlarım, Allahın Padşahlığına daxil olmaq nə qədər çətindir!  25Dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır».  26Onlar daha da təəccüblənərək bir-birlərinə dedilər: «Elə isə, kim xilas ola bilər?»  27İsa onlara baxıb dedi: «Bu, insanlar üçün qeyri-mümkündür, amma Allah üçün yox. Çünki Allah üçün hər şey mümkündür».  28Peter Ona belə deməyə başladı: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik».  29İsa cavab verdi: «Sizə doğrusunu deyirəm: Mənimlə Müjdə uğrunda ya evini ya qardaşlarını ya bacılarını ya anasını ya atasını ya uşaqlarını və yaxud tarlalarını atan elə bir kəs yoxdur ki,  30indi bu dövrdə çəkdiyi əzab-əziyyətlə birgə bundan yüz qat artıq evlər, qardaşlar, bacılar, analar, uşaqlar, tarlalar, gələcək dövrdə isə əbədi həyat almasın.  31Amma birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq».

İsa ölüb-diriləcəyi barədə üçüncü dəfə xəbər verir

(Mat. 20:17-19; Luka 18:31-34)

32Onlar yola çıxıb Yerusəlimə gedirdilər. İsa onların qabağında gedirdi. Şagirdləri isə heyrət bürümüşdü, Onun ardınca gələnlər qorxu içində idi. İsa On İki şagirdi yenə bir tərəfə çəkib başına gələcək hadisələr barədə danışmağa başladı:  33«Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edib başqa millətlərə təslim edəcəklər.  34Onlar Bəşər Oğlunu ələ salacaq, Ona tüpürəcək və qamçılayıb öldürəcəklər. O, üç gündən sonra diriləcək».

Kim üstündür?

(Mat. 20:20-28)

35Zavdayın oğulları Yaqub və Yəhya Ona yaxınlaşıb dedilər: «Müəllim, istəyirik ki, dilədiyimizi bizim üçün edəsən».  36İsa onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»  37Onlar İsaya dedilər: «Sən izzətlənəndə qoy birimiz sağında, o birimiz solunda otursun».  38Amma İsa onlara dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içdiyim kasadan siz də içə bilərsinizmi? Mənim vəftiz olduğum kimi siz də vəftiz ola bilərsinizmi?»  39Onlar dedilər: «Bilərik». İsa onlara dedi: «Mənim içdiyim kasadan siz də içəcəksiniz, Mənim vəftiz olduğum kimi siz də vəftiz olacaqsınız.  40Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Ora kimlər üçün hazırlanıbsa, onlara veriləcək».  41Bunu eşidən on şagirdin Yaqubla Yəhyaya acığı tutmağa başladı.  42Onda İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbəri sayılanlar onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.  43Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.  44Aranızda birinci olmaq istəyən hamının qulu olsun.  45Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».

Kor Bartimayın gözləri açılır

(Mat. 20:29-34; Luka 18:35-43)

46Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu.  47Nazaretli İsanın orada olduğunu eşitdikdə «Ey Davud Oğlu İsa! Mənə rəhm elə!» deyə bağırmağa başladı.  48Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o «Ey Davud Oğlu! Mənə rəhm elə!» deyə daha ucadan bağırdı.  49İsa dayanıb dedi: «Onu çağırın». Onlar bu kor adamı çağıraraq dedilər: «Cəsarətli ol, qalx, O səni çağırır».  50O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi.  51İsa ondan soruşdu: «Nə istəyirsən, sənin üçün edim?» Kor adam Ona dedi: «Rabbuni, gözlərim açılsın».  52İsa ona dedi: «Get, imanın səni xilas etdi». Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.

 

YUXARI

Mark 11

İsanın Yerusəlimə girməsi

(Mat. 21:1-11; Luka 19:28-40; Yəh. 12:12-19)

1Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək  2onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin.  3Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin».  4Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar.  5Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?»  6Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər.  7Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi.  8Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi.  9İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna!

Rəbbin ismi ilə Gələnə alqış olsun!

10Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun!

Ən ucalarda hosanna!»

11İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.

Barsız əncir ağacı

(Mat. 21:18-19; Luka 13:6-9)

12Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı.  13Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi.  14Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi.

İsa satıcıları məbəddən qovur

(Mat. 21:12-17; Luka 19:45-48; Yəh. 2:13-22)

15Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi,  16heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı.  17Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün

Dua evi adlandırılacaq”?

Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»  18Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular.  19Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı.

İmanın gücü

(Mat. 21:20-22)

20Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub.  21Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub».  22İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun.  23Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək.  24Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək.  25Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın».  26

İsanın səlahiyyəti

(Mat. 21:23-27; Luka 20:1-8)

27Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb  28dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»  29İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm.  30Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin».  31Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək.  32Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı.  33Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm».

 

YUXARI

Mark 12

Pis bağbanlar məsəli

(Mat. 21:33-46; Luka 20:9-19)

1İsa məsəllər söyləyib onlarla danışmağa başladı: «Bir adam üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi.  2Məhsul vaxtı çatanda bağbanların yanına bir qul göndərdi ki, üzüm bağının məhsulundan bir qədərini onlardan alsın.  3Lakin bağbanlar qulu tutub döydülər və əliboş geri qaytardılar.  4Bağ sahibi onların yanına yenə başqa bir qul göndərdi. Onun da başını vurub yardılar və biabır etdilər.  5Başqasını göndərdi, onu isə öldürdülər. O, çox adam göndərdi, onlardan bəzisini döydülər, bəzisini isə öldürdülər.  6Yanında ancaq bir nəfər qalmışdı ki, bu da onun sevimli oğlu idi. “Oğluma hörmət edərlər” deyərək axırda onu onların yanına göndərdi.  7Bağbanlarsa bir-birlərinə dedilər: “Varis budur. Gəlin onu öldürək, onda miras bizə qalacaq”.  8Beləcə onu tutub öldürdülər və bağdan kənara atdılar.  9Beləliklə, bağ sahibi nə edəcək? Gəlib bağbanları həlak edəcək və bağı başqalarına verəcək.  10Məgər siz bu Müqəddəs Yazını oxumamısınız? “Bənnaların rədd etdiyi daş

Guşədaşı olub.

11Bu, Rəbbin işi idi,

Gözümüzdə xariqəli bir işdir”».

12Yəhudi rəhbərləri başa düşdülər ki, İsa bu məsəli onlar barədə söylədi. Ona görə də İsanı tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular. Beləcə Onu tərk edib getdilər.

Hər kəsin öz haqqı

(Mat. 22:15-22; Luka 20:20-26)

13Sonra İsanı dediyi sözlərlə tələyə salmaq üçün fariseylərdən və hirodçulardan bəzisini Onun yanına göndərdilər.  14Onlar gəlib İsaya dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan və Allahın yolunu həqiqətə görə öyrədirsən. Bizim üçün qeysərə vergi verməyə icazə var ya yox? Biz vergi verək ya yox?»  15Onların ikiüzlülüyünü bilən İsa dedi: «Məni niyə sınağa çəkirsiniz? Mənə bir dinar gətirin, baxım».  16Onlar da gətirdilər. İsa soruşdu: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?» Ona dedilər: «Qeysərin».  17İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin». Onlar İsanın sözlərinə heyrətləndilər.

Dirilmə haqqında sual

(Mat. 22:23-33; Luka 20:27-40)

18Dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:  19«Müəllim, Musa bizim üçün belə yazmışdır: “Əgər bir adamın qardaşı ölsə, arvadı dul qalsa, amma övladı olmazsa, o biri qardaş bu dul arvadı alıb ölən qardaşın nəslini davam etdirsin”.  20Yeddi qardaş var idi. Birincisi bir arvad aldı, amma övladı olmadan öldü.  21Bu arvadı ikinci qardaş aldı, o da özündən sonra övlad qoymadan öldü, üçüncüsü də,  22hətta yeddincisinə qədər belə etdi, amma övladı olmadan öldü. Hamısından sonra bu qadın da öldü.  23Qiyamət günündə, ölülər diriləndə bu qadın onlardan hansının arvadı olacaq? Çünki yeddi qardaşın yeddisi də bu qadını almışdı».  24İsa onlara belə cavab verdi: «Nə Müqəddəs Yazıları, nə də Allahın qüdrətini bilirsiniz. Yanılmanıza səbəb bu deyilmi?  25İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.  26Bəs ölülərin dirildiyinə gəlincə, Musanın kitabındakı kolla bağlı əhvalatda Allahın necə ona “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” dediyini oxumamısınızmı?  27Allah ölülərin deyil, dirilərin Allahıdır. Beləliklə, siz çox yanılırsınız».

Əmrlərin ən əsası

(Mat. 22:34-40; Luka 10:25-28)

28İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?»  29İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.  30Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”.  31İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur».  32İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur.  33Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir».  34Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.

Məsih kimin Oğludur?

(Mat. 22:41-46; Luka 20:41-44)

35İsa məbəddə təlim öyrədərək belə sual verdi: «Niyə ilahiyyatçılar Məsih Davudun Oğludur deyirlər?  36Davud özü Müqəddəs Ruh vasitəsilə “Rəbb mənim Ağama dedi:

‹Mən düşmənlərini ayaqlarının altına salanadək

Sağımda otur›”

deyib.  37Davud özü Ona “Ağa” deyə müraciət edir. O necə Davudun oğlu ola bilər?» Böyük izdiham sevinclə Ona qulaq asırdı.

İsa ilahiyyatçıları məzəmmət edir

(Mat. 23:5-7; Luka 20:45-47)

38İsa təlim öyrədərək dedi: «İlahiyyatçılardan özünüzü qoruyun. Onlar uzun paltarlarda gəzməyi, bazar meydanlarında salam almağı,  39sinaqoqlarda baş kürsüləri, ziyafətlərdə yuxarı başı tutmağı xoşlayarlar.  40Onlar dul qadınların evlərini yeyib-dağıdar və özlərini göstərmək üçün uzun-uzadı dua edərlər. Bu adamların cəzası daha ağır olacaq».

Dul qadının ianəsi

(Luka 21:1-4)

41İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı.  42Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı.  43İsa şagirdlərini yanına çağırıb onlara dedi: «Sizə doğrusunu deyirəm: bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı.  44Çünki onların hamısı varlarının artıqlığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verdi».

 

YUXARI

Mark 13

Axır zamanın əlamətləri

(Mat. 24:1-28; Luka 21:5-24)

1 İsa məbəddən çıxarkən şagirdlərindən biri Ona dedi: «Müəllim, bax nə gözəl daşlar, nə gözəl binalardır!»  2İsa ona dedi: «Bu böyük binaları görürsənmi? Onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».  3İsa məbədlə üzbəüz olan Zeytun dağında oturanda Peter, Yaqub, Yəhya və Andrey Ondan ayrılıqda soruşdu:  4«Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Bunların hamısı başa çatmaq üzrə olanda hansı əlamətlər olacaq?»  5İsa onlara cavab verməyə başladı: «Ehtiyatlı olun, qoy sizi heç kim aldatmasın.  6Mənim adımla çox adam gəlib “mən Oyam” deyərək çoxlarını aldadacaq.  7Müharibələr və müharibə xəbərləri eşidəndə təlaşa düşməyin. Bunlar baş verməlidir, amma bu hələ hər şeyin axırı deyil.  8Çünki millət millətə, padşahlıq padşahlığa qarşı çıxacaq. Yerbəyer zəlzələlər və aclıq olacaq. Bunlar sanki doğuş ağrılarının başlanğıcıdır.  9Amma siz ehtiyatlı olun. Adamlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarda döyəcəklər. Onlara şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısında duracaqsınız.  10Əvvəlcə bütün millətlərə Müjdə vəz olunmalıdır.  11Sizi aparıb məhkəməyə çəkəndə nə deyəcəyiniz barədə qabaqcadan qayğı çəkməyin, amma həmin vaxt sizə nə bildirilərsə, onu danışın. Çünki danışan siz yox, Müqəddəs Ruhdur.  12Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək.  13Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.  14Viranəlik gətirən iyrənc şeyin heç olmamalı yerdə qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – Yəhudeyada olanlar dağlara qaçsın.  15Damda olan evindən nə isə götürmək üçün aşağı enib evinə girməsin.  16Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın.  17Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına!  18Dua edin ki, bu hadisə qış fəslində baş verməsin.  19Çünki o günlərdə elə bir əzab-əziyyət olacaq ki, Allahın yaratdığı bu kainatın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da.  20Əgər Rəbb o günləri qısaltmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma Rəbb seçilmişlərə – Öz seçdiyi insanlara görə o günləri qısaldıb.  21O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır” yaxud da “bax, oradadır”, inanmayın.  22Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.  23Amma siz ehtiyatlı olun! Bax Mən sizə hər şeyi əvvəlcədən söyləmişəm.

Bəşər Oğlunun zühuru

(Mat. 24:29-35; Luka 21:25-33)

24Amma o günlərdə, o əzab-əziyyətdən sonra Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

25Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

26O zaman onlar Bəşər Oğlunun buludlar içində böyük qüdrət və izzətlə gəldiyini görəcək.  27Onda Bəşər Oğlu mələklərini göndərəcək və yer üzünün ucundan göyün ucuna qədər dörd külək istiqamətindən Öz seçdiklərini toplayacaq.  28Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır.  29Eləcə siz də bu şeylərin baş verdiyini görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.  30Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək.  31Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək.

Bilinməyən gün və saat

(Mat. 25:13-15; Luka 12:39-48)

32Lakin o günü və o saatı nə səmadakı mələklər, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir.  33Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək.  34Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun.  35Ona görə də oyaq olun. Çünki ev sahibinin nə vaxt – axşammı, gecə yarısımı, xoruz banlayandamı yaxud sübh tezdənmi gələcəyini bilmirsiniz.  36Qoy o qəfil gəlib sizi yatan görməsin.  37Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!»

 

YUXARI

Mark 14

İsanı öldürmək üçün sui-qəsd hazırlanır

(Mat. 26:1-5; Luka 22:1-2; Yəh. 11:45-53)

1Pasxa və Mayasız Çörək bayramına iki gün qalmışdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı hiylə ilə tutub öldürmək üçün bir yol axtarırdılar.  2Onlar deyirdilər: «Bunu bayramda etməyək, yoxsa xalq arasında qarışıqlıq düşər».

İsa Bet-Anyada

(Mat. 26:6-13; Yəh. 12:1-8)

3İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü.  4Bəziləri acıqlanıb bir-birlərinə dedilər: «Bu ətir niyə boş yerə israf olunur?  5Axı bu ətiri üç yüz dinardan artıq qiymətə satıb pulunu yoxsullara vermək olardı». Onlar qadını danladılar.  6Lakin İsa dedi: «Qadını rahat buraxın. Niyə onu incidirsiniz? O Mənim üçün gözəl bir iş gördü.  7Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz vaxt onlara kömək edə bilərsiniz. Mənsə həmişə yanınızda olmayacağam.  8Qadın bacardığını etdi. Mənim bədənimə dəfn üçün əvvəlcədən yağ çəkdi.  9Sizə doğrusunu deyirəm: dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi bu iş də danışılacaq ki, o yada salınsın».

Yəhudanın xəyanəti

(Mat. 26:14-16; Luka 22:3-6; Yəh. 13:18-30)

10O zaman On İki şagirddən biri olan Yəhuda İskaryot İsanı başçı kahinlərə təslim etmək niyyəti ilə onların yanına getdi.  11Başçı kahinlər bunu eşidərkən sevindilər və Yəhudaya pul verəcəklərini vəd etdilər. O da İsanı təslim etmək üçün fürsət axtarmağa başladı.

Axırıncı şam yeməyi

(Mat. 26:17-30; Luka 22:7-23; Yəh. 13:21-30; 1Kor. 11:23-25)

12Pasxa quzusu qurban kəsildiyi Mayasız Çörək bayramının ilk günü şagirdləri İsadan soruşdular: «Sənin Pasxa yeməyin üçün haraya gedib hazırlıq görməyimizi istəyirsən?»  13İsa da şagirdlərindən ikisini göndərdi və dedi: «Şəhərə girin, orada qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin.  14O hansı evə girərsə, oranın sahibinə deyin: “Müəllim deyir: ‹Şagirdlərimlə birgə Pasxa yeməyini yeyəcəyim qonaq otağım haradadır?›”  15Ev sahibi sizə yuxarı mərtəbədə döşənib hazırlanmış böyük bir otaq göstərəcək. Orada bizim üçün hazırlıq işləri görün».  16Şagirdlər yola çıxıb şəhərə getdilər. Hər şeyin Onun dediyi kimi olduğunu gördülər və Pasxa yeməyi üçün hazırlıq etdilər.  17Axşam düşəndə İsa On İki şagirdi ilə birlikdə gəldi.  18Onlar süfrəyə oturub yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri – Mənimlə yemək yeyən biri Mənə xəyanət edəcək».  19Onlar kədərlənməyə başladılar və bir-bir Ondan soruşdular: «Mən deyiləm ki?»  20İsa onlara dedi: «Siz On İki nəfərdən biridir. Mənimlə birlikdə çörəyini qaba batıran odur.  21Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı».  22Onlar yeyəndə İsa çörək götürdü, şükür duası edib onu böldü və şagirdlərə verərək dedi: «Alın! Bu Mənim bədənimdir».  23Sonra bir kasa götürdü və şükür edib onu da şagirdlərə verdi və hamısı oradan içdi.  24İsa onlara dedi: «Bu, Əhdin bağlanması üçün çoxları uğrunda axıdılan Mənim qanımdır.  25Sizə doğrusunu deyirəm: Allahın Padşahlığında təzəsini içəcəyim günə qədər üzüm ağacının məhsulundan əsla içməyəcəyəm».  26Onlar ilahi oxuyandan sonra çıxdılar və Zeytun dağına tərəf getdilər.

Peterin inkarı əvvəlcədən bildirilir

(Mat. 26:31-35; Luka 22:31-34; Yəh. 13:36-38)

27İsa şagirdlərinə dedi: «Hamınız Məni atıb gedəcəksiniz, çünki belə yazılıb: “Çobanı vuracağam,

Qoyunlar pərən-pərən olacaq”.

28Amma Mən diriləndən sonra sizdən qabaq Qalileyaya gedəcəyəm».  29Peter Ona dedi: «Hamı Səni atıb getsə də, mən belə etməyəcəyəm».  30İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün, bu gecə xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən».  31Amma Peter daha qətiyyətlə danışdı: «Əgər Səninlə birlikdə ölməyim lazım olsa belə, Səni əsla inkar etməyəcəyəm». Bütün şagirdlər də belə dedilər.

Getsemani bağında

(Mat. 26:36-46; Luka 22:39-46)

32Sonra Getsemani adlanan bir yerə gəldilər. İsa şagirdlərinə dedi: «Mən dua edərkən siz burada oturub-qalın».  33O, Peteri, Yaqubu və Yəhyanı Özü ilə apardı. Özündə bir həyəcan və narahatlıq hiss etməyə başladı.  34Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və oyaq olun».  35İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi ki, mümkündürsə, bu an Ondan yan keçsin.  36O belə dedi: «Abba – Ata, Sənin üçün hər şey mümkündür. Bu kasanı Məndən uzaqlaşdır. Amma Mənim yox, Sənin iradən olsun».  37İsa şagirdlərin yanına qayıdıb gördü ki, onlar yatıb. O, Peteri səslədi: «Şimon, yatmısan? Məgər bir saat oyaq qala bilməzdin?  38Oyaq qalıb dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisimsə gücsüzdür».  39İsa yenə oradan uzaqlaşdı və eyni sözləri təkrar edərək dua etdi.  40Qayıdanda gördü ki, onlar yenə yatıb. Çünki onların gözləri yumulurdu. Bilmədilər ki, İsaya nə desinlər.  41İsa üçüncü dəfə onların yanına qayıdıb dedi: «Hələ də yatıb dincəlirsiniz? Bəsdir! Vaxt yetişdi! Budur, Bəşər Oğlu günahkarların əlinə təslim olunur.  42Qalxın gedək. Budur, Mənə xəyanət edən gəlir!»

İsa həbs olunur

(Mat. 26:47-56; Luka 22:47-53; Yəh. 18:3-12)

43İsa hələ danışarkən On İki şagirddən biri olan Yəhuda gəlib çıxdı. Onun yanında başçı kahinlərin, ilahiyyatçıların və ağsaqqalların göndərdiyi əli qılınclı və dəyənəkli bir dəstə adam var idi.  44İsaya xəyanət edən Yəhuda onlara işarə ilə bildirib demişdi: «Kimi öpsəm, İsa Odur. Onu tutub möhkəm nəzarət altında aparın».  45O anda İsaya yaxınlaşıb «Rabbi!» deyərək Onu öpdü.  46Yanındakı adamlar əl atıb İsanı tutdular.  47İsanın yanındakılardan biri qılınc çəkdi və baş kahinin qulunu vurub qulağını qopartdı.  48İsa onlara dedi: «Nə üçün quldur üstünə gələn kimi qılınc və dəyənəklərlə Məni tutmağa gəlmisiniz?  49Hər gün məbəddə sizin yan-yörənizdə təlim öyrədirdim, heç Məni tutmadınız. Amma qoy Müqəddəs Yazılar yerinə yetsin».  50Onda hamı İsanı atıb qaçdı.  51Çılpaq bədənini kətan örtüklə bürüyən bir gənc İsanın ardınca gedirdi. Əsgərlər onu yaxaladılar.  52Amma o, kətan örtükdən sıyrılıb çılpaq qaçdı.

İsa Ali Şuranın önündə

(Mat. 26:57-68; Luka 22:54-55,63-71; Yəh. 18:13-24)

53İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı.  54Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.  55Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər.  56Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi.  57Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər:  58«Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”».  59Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.  60Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?»  61Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?»  62İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz».  63Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var?  64Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.  65Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular.

Peter İsanı inkar edir

(Mat. 26:69-75; Luka 22:56-62; Yəh. 18:15-18,25-27)

66Peter aşağıda, həyətdə ikən baş kahinin qarabaşlarından biri gəldi.  67Qızınmaqda olan Peteri görən kimi onu diqqətlə süzüb dedi: «Sən də Nazaretli İsa ilə birlikdə idin».  68Amma Peter bunu inkar edərək dedi: «Bilmirəm və başa düşmürəm, sən nə danışırsan». O, bayır qapının önünə çıxdı və bu anda xoruz banladı.  69Qarabaş Peteri görəndə yenə yanındakılara deməyə başladı: «Bu da onlardandır».  70Peter yenə inkar etdi. Bir az sonra orada duranlar yenə ona dedilər: «Doğrudan da, sən onlardansan, çünki Qalileyalısan».  71Peter isə özünü qarğıyıb and içərək dedi: «Dediyiniz o Adamı tanımıram».  72Həmin anda xoruz ikinci dəfə banladı. Peter İsanın «xoruz iki dəfə banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən» dediyi sözü yadına saldı. Ona görə ağlamağa başladı.

 

YUXARI

Mark 15

İsa Romalı vali Pilatın önündə

(Mat. 27:1-2,11-26; Luka 23:1-25; Yəh. 18:28-19:16)

1Səhər erkən başçı kahinlər, ağsaqqallar, ilahiyyatçılar və Ali Şuranın hamısı dərhal məşvərət edəndən sonra İsanın əl-qolunu bağlayaraq Pilatın yanına aparıb ona təslim etdilər.  2Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir».  3Başçı kahinlər Onu çox şeydə ittiham edirdilər.  4Pilat Ondan yenə soruşdu: «Heç cavab verməyəcəksənmi? Gör Səni nə qədər ittiham edirlər!»  5Amma İsa yenə də ona cavab vermədi. Pilat buna heyrətləndi.  6Hər Pasxa bayramında Pilat xalqın xahişi ilə bir məhbusu azad edərdi.  7Üsyan zamanı adam öldürən üsyançılarla birlikdə Barabba adlı bir nəfər də həbs olunmuşdu.  8Xalq Pilatın yanına çıxıb ondan xahiş etməyə başladı ki, həmişəki kimi onların istəyini yerinə yetirsin.  9Pilat onlara cavab verərək dedi: «İstəyirsiniz, sizin üçün Yəhudilərin Padşahını azad edim?»  10Çünki başçı kahinlərin İsanı paxıllıqdan təslim etdiyini bilirdi.  11Ancaq başçı kahinlər xalqı qızışdırdılar ki, İsanın yox, Barabbanın azad olmasını xahiş etsinlər.  12Pilat yenə onlardan soruşaraq dedi: «Bəs nə istəyirsiniz? Yəhudilərin Padşahı dediyiniz bu Adama nə edim?»  13«Onu çarmıxa çək!» deyə yenə bağırdılar.  14Pilat «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Onu çarmıxa çək!» deyə daha ucadan bağırdılar.  15Xalqı razı salmaq istəyən Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi.

Əsgərlər İsanı təhqir edir

(Mat. 27:27-31; Yəh. 19:2-3)

16Əsgərlər İsanı həyətdən içəriyə, yəni vali sarayına apardılar. Bütün alayı topladılar.  17Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular.  18«Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar.  19Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar.  20Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar.

İsa çarmıxa çəkilir

(Mat. 27:32-44; Luka 23:26-43; Yəh. 19:17-25)

21O vaxt Şimon adlı Kirenalı bir nəfər kənd yerindən gəlib oradan keçirdi. O, İsgəndər və Rufusun atasıdır. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər.  22İsanı Qolqota adlanan yerə gətirdilər. «Qolqota» «Kəllə yeri» deməkdir.  23Ona mirra ilə qarışıq şərab vermək istədilər, amma O imtina etdi.  24İsanı çarmıxa çəkdilər. Paltarlarını isə «kimə nə düşdü-düşdü» deyə püşk ataraq aralarında bölüşdürdülər.  25Üçüncü saat idi ki, İsanı çarmıxa çəkdilər.  26Onun üzərində ittihamını göstərən belə yazı var idi: «Yəhudilərin Padşahı».  27Onunla birlikdə biri sağında, biri də solunda iki qulduru da çarmıxa çəkdilər.  2829Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Nə oldu, ey məbədi dağıdıb üç gündə tikən!  30İndi Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.  31Başçı kahinlər də ilahiyyatçılarla birgə eyni şəkildə İsanı ələ salaraq bir-birlərinə deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir!  32İsrailin Padşahı Məsih qoy indi çarmıxdan düşsün ki, biz də görüb iman edək». İsa ilə birlikdə çarmıxa çəkilənlər də Onu təhqir edirdilər.

İsanın ölümü

(Mat. 27:45-56; Luka 23:44-49; Yəh. 19:25-30)

33Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü.  34Doqquzuncu saatda İsa uca səslə nida edərək dedi: «Elohi, Elohi, lema şavaqtani?»

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir.  35Orada dayananların bəzisi bunu eşidərkən dedi: «Baxın, İlyası çağırır».  36Bir nəfər qaçıb bir süngəri şərab sirkəsi ilə doldurdu və bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin və dedi: «Onu rahat buraxın, görək İlyas gəlib Onu çarmıxdan düşürəcəkmi?»  37İsa uca səslə qışqırıb son nəfəsini verdi.  38O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı.  39İsanın qarşısında duran yüzbaşı Onun son nəfəsini belə verdiyini gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» dedi.  40Olub-keçənlərə uzaqdan baxan qadınlar da var idi. Məcdəlli Məryəm, kiçik Yaqubun və Yusifin anası Məryəmlə Şalomit də onların arasında idi.  41İsa hələ Qalileyada olanda bu qadınlar Onun ardınca getmiş və Ona xidmət etmişdilər. Onunla birgə Yerusəlimə gələn xeyli qadın da orada idi.

İsanın dəfni

(Mat. 27:57-61; Luka 23:50-56; Yəh. 19:38-42)

42O gün Hazırlıq günü, yəni Şənbədən əvvəlki gün idi. Artıq axşam düşəndə  43Ali Şuranın hörmətli üzvlərindən biri olan, Allahın Padşahlığını gözləyən Arimateyalı Yusif gəldi. O cəsarət edib Pilatın yanına getdi və İsanın cəsədini istədi.  44Pilat İsanın belə tez ölməsinə heyrət etdi və yüzbaşını yanına çağırıb soruşdu: «O çoxdanmı ölüb?»  45Yüzbaşıdan vəziyyəti öyrənəndən sonra cəsədi Yusifə verdi.  46Yusif kəfən aldı, cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış qəbirə qoydu. O, qəbirin ağzına bir daş yuvarladı.  47Məcdəlli Məryəm və Yusifin anası Məryəm baxıb cəsədin hara qoyulduğunu gördülər.

 

YUXARI

Mark 16

İsanın dirilməsi

(Mat. 28:1-8; Luka 24:1-9; Yəh. 20:1-10)

1Şənbə günü keçəndən sonra Məcdəlli Məryəm, Yaqubun anası Məryəm və Şalomit ətirlər aldılar ki, gedib İsanın cəsədinə çəksinlər.  2Həftənin ilk günü səhər tezdən, günəş doğanda onlar qəbirin yanına gəldilər.  3Onlar bir-birlərinə deyirdilər: «Görəsən qəbirin ağzındakı daşı bizim üçün kim kənara yuvarlayacaq?»  4Başlarını qaldırıb baxanda gördülər ki, daş kənara yuvarlanıb. Bu daş nəhəng idi.  5Qəbirə girib sağ tərəfdə ağ xalat geyinmiş bir gəncin oturduğunu gördülər və heyrətə gəldilər.  6Bu şəxs onlara dedi: «Siz heyrətlənməyin! Çarmıxa çəkilmiş Nazaretli İsanı axtarırsınız. O dirilmişdir! Burada yoxdur. Bax bu Onu qoyduqları yerdir.  7İndi isə gedin, Onun şagirdlərinə və Peterə belə söyləyin: “İsa Qalileyaya sizdən qabaq gedir. Sizə dediyi kimi Onu orada görəcəksiniz”».  8Qadınlar qəbirdən çıxıb qaçdılar. Onları bir lərzə bürümüşdü, mat qalmışdılar. Qorxularından heç kimə bir söz demirdilər.

İsa şagirdlərə görünür

(Mat. 28:9-10; Luka 24:13-35; Yəh. 20:11-18)

9İsa həftənin birinci günü səhər tezdən, diriləndən sonra əvvəlcə yeddi cin qovduğu Məcdəlli Məryəmə göründü.  10Məryəm gedib İsanın yanında olub, indi isə yas tutaraq ağlayanlara xəbər verdi.  11Amma onlar İsanın diri olduğunu və Məryəmə göründüyünü eşidərkən inanmadılar.  12Bundan sonra İsa kənd yerinə gedən yoldan keçən onlardan ikisinə başqa surətdə göründü.  13Onlar geri qayıdıb o birilərinə xəbər verdilər, amma o biriləri də bunlara inanmadılar.

İsa şagirdlərinə tapşırıq verir

(Mat. 28:16-20; Luka 24:36-49; Yəh. 20:19-23; Həv. 1:6-8)

14Nəhayət, İsa süfrəyə oturan On Bir şagirdə göründü; onları imansızlıqlarına və ürəklərinin inadkar olduğuna görə məzəmmət etdi, çünki Onun diri olduğunu görənlərə inanmamışdılar.  15İsa şagirdlərinə dedi: «Dünyanın hər tərəfinə gedin, bütün yaradılışa Müjdəni vəz edin.  16İman edib vəftiz olan kəs xilas olacaq, iman etməyənsə məhkum olacaq.  17İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar,  18ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq».

İsanın göyə qaldırılması

(Luka 24:50-53; Həv. 1:9-11)

19Beləcə Rəbb İsa onlarla danışandan sonra göyə qaldırıldı və Allahın sağında oturdu.  20Şagirdlərsə gedib hər yerdə Müjdəni vəz etdilər. Rəbb onlarla birgə işləyirdi, onları müşayiət edən əlamətlərlə kəlamı təsdiqləyirdi.

Текущее время Вс Май 19, 2024 2:38 pm