Azərbaycanın ilk xristian forumu, bütün məsihi qardaş və bacılarımızı dəvət edirik, Məsihi mövzular, videolar, şəkillər, xoş ünsiyyət, tanışlıq, İslam və Xristianlıq, müsəlmanlarla imana aid mövzuların

Matta 1 İsa Məsihin nəsil şəcərəsi (Luka 3:23-38) 1Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: 2İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. 3Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. 4Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. 5Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. 6Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. 7Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. 8Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. 9Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. 10Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. 11Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. 12Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. 13Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. 14Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. 15Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. 16Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. 17Beləliklə, İbrahimdən Davuda qədər olan bütün nəsillər on dörd nəsildir, Davuddan Babil sürgününə qədər on dörd nəsildir, Babil sürgünündən Məsihə qədər də on dörd nəsildir. İsa Məsihin doğulması (Luka 2:1-7) 18İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. 19Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. 20Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. 21Məryəm bir Oğul doğacaq və Onun adını İsa qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». 22Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: 23«Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. 24Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. 25Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu. Matta 2 Müdrik adamların ziyarəti 1İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib 2dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». 3Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. 4Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. 5«Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: 6“Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, Çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». 7Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. 8«Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. 9Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. 10Onlar ulduzu gördükləri vaxt çox sevindilər. 11Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. 12Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər. Misirə qaçış 13Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: «Qalx, Körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod Körpəni öldürmək üçün axtarmağa başlayır». 14Beləliklə, Yusif qalxdı, həmin gecə Körpə ilə anasını götürüb Misirə yollandı. 15Hirod ölənə qədər orada qaldı. Bu, Rəbbin peyğəmbər vasitəsilə söylədiyi söz yerinə yetsin deyə baş verdi: «Öz Oğlumu Misirdən çağırdım». 16Hirod müdrik adamlar tərəfindən axmaq yerinə qoyulduğunu görəndə çox hiddətləndi. O, müdrik adamlardan öyrəndiyi vaxta görə Bet-Lexem və onun ətrafında yaşayan iki və iki yaşdan aşağı körpə oğlan uşaqlarını öldürtdü. 17Beləliklə, Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: 18«Ramada bir səs eşidildi, Ağlaşma və böyük fəryad səsləri! Rəhilə uşaqları üçün ağlayır, Təsəlli istəmir. Çünki onlar daha yoxdur». Misirdən Nazaretə dönüş 19Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb 20dedi: «Qalx, Körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt. Çünki Körpənin canını almaq istəyənlər öldü». 21Yusif qalxdı, Körpə ilə anasını götürüb İsrail ölkəsinə qayıtdı. 22Amma Arxelanın öz atası Hirodun yerinə Yəhudeya padşahı olduğunu eşidəndə oraya getməyə qorxdu. Röyada xəbərdarlıq alaraq Qalileya bölgəsinə getdi. 23Gəlib Nazaret deyilən şəhərdə məskən saldı. Bu, peyğəmbərlər vasitəsilə söylənən «Ona Nazaretli deyiləcək» sözü yerinə yetsin deyə baş verdi. Matta 3 Vəftizçi Yəhyanın gəlişi (Mark 1:1-8; Luka 3:1-18; Yəh. 1:19-28) 1O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. 2O belə deyirdi: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». 3Bu o adamdır ki, Yeşaya peyğəmbər onun barəsində demişdi: «Səhrada nida edənin səsi gəlir: “Rəbbin yolunu hazırlayın, Onun keçəcəyi yerləri düz edin”». 4Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi. 5Yerusəlim sakinləri, bütün Yəhudeya diyarından olanlar və İordan ətrafında yaşayanlar Yəhyanın yanına gəlirdi. 6Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu. 7Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: «Ey gürzələr nəsli! Üzərinizə gələn qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? 8İndi isə tövbəyə layiq bəhrə verin. 9Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. 10Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır. 11Mən sizi tövbəniz üçün su ilə vəftiz edirəm, amma məndən sonra Gələn məndən daha qüdrətlidir. Mən Onun çarıqlarını daşımağa belə, layiq deyiləm. O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. 12Onun kürəyi əlindədir və xırmanını sovuracaq, Öz taxılını anbara toplayacaq. Küləşi isə sönməz odda yandıracaq». İsanın vəftiz olunması (Mark 1:9-11; Luka 3:21-22) 13O vaxt İsa Yəhya tərəfindən vəftiz olmaq üçün Qalileyadan İordan çayına, Yəhyanın yanına gəldi. 14Yəhya Ona mane olmaq istəyərək dedi: «Sən Məni vəftiz etməlisən, Sən niyə mənim yanıma gəlirsən?» 15İsa ona cavab verdi: «Hələlik buna razı ol. Çünki biz salehlik işini beləcə yerinə yetirməliyik». Onda Yəhya razı oldu. 16İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. 17Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». Matta 4 İsanın sınağa çəkilməsi (Mark 1:12-13; Luka 4:1-13) 1Bundan sonra İsa iblis tərəfindən sınağa çəkilmək üçün Ruh tərəfindən səhraya aparıldı. 2İsa qırx gün-qırx gecə oruc tutandan sonra acdı. 3O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». 4İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır». 5Sonra iblis Onu müqəddəs şəhərə gətirdi və məbədin qülləsinə qoyub 6dedi: «Əgər Sən Allahın Oğlusansa, Özünü aşağı at. Axı “Allah Sənə görə mələklərinə əmr edər ki, Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin” deyə yazılmışdır». 7İsa ona dedi: «“Allahın Rəbbi sınama” deyə də yazılmışdır». 8İblis yenə İsanı çox yüksək bir dağa çıxartdı. Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: 9«Əgər Sən yerə qapanıb mənə səcdə etsən, bütün bu şeyləri Sənə verəcəyəm». 10İsa dedi: «Rədd ol, Şeytan! “Allahın Rəbbə səcdə et və yalnız Ona ibadət et” deyə yazılmışdır». 11Bundan sonra iblis İsanı tərk etdi və mələklər gəlib Ona xidmət edirdi. İsa xidmətinə başlayır (Mark 1:14-15; Luka 4:14-15) 12İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. 13Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. 14Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 15«Zevulun və Naftali bölgələri, Dənizkənarı yol, İordan çayının o biri tayı, Müxtəlif millətlər yaşayan Qalileya – 16Zülmətdə yaşayan xalq Möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». 17O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İlk şagirdlər (Mark 1:16-20; Luka 5:1-11) 18İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 19İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 20Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 21İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. 22Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa xəstələrə şəfa verir (Mark 3:7-12; Luka 6:17-19) 23İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 24Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. 25Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi. Matta 5 İsanın Dağüstü vəzi 1İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. 2İsa danışmağa başlayıb onları öyrədərək dedi: Bəxtiyar olanlar (Luka 6:20-23) 3«Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. 4Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. 5Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. 6Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. 7Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. 8Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. 9Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. 10Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. 11İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! 12Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür. Axı sizdən qabaq gələn peyğəmbərləri də belə təqib ediblər. Duz və nur 13Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. 14Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. 15Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. 16Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. Qanun və Peyğəmbərlər 17Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. 18Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. 19Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. 20Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Hirs və qətl 21Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. 22Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. 23Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, 24qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. 25Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan. Zina və boşanma 27“Zina etmə” deyildiyini eşitmisiniz. 28Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. 29Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. 30Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır. 31“Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir. And içmək 33Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. 34Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; 35nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. 36Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. 37Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır. Düşmənlərinizi sevin (Luka 6:27-36) 38“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. 39Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. 40Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. 41Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get. 42Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma. 43“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. 44Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. 45Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. 46Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? 47Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? 48Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun. Matta 6 Sədəqə vermək 1Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Necə dua etməli (Luka 11:2-4) 5Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11Gündəlik çörəyimizi bizə bu gün ver. 12Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin.” 14Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. Oruc 16Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. Səmavi xəzinələr (Luka 11:34-35; 12:33-34; 16:13) 19Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. Qayğı çəkməyin (Luka 12:22-32) 25Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir! Matta 7 Mühakimə etməyin (Luka 6:37-42) 1Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. 2Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək. 3Sən nə üçün qardaşının gözündə çöpü görürsən, amma öz gözündəki tiri seçmirsən? 4Öz gözündə tir ola-ola qardaşına necə deyə bilərsən: “Qoy gözündəki çöpü çıxarım!” 5Ey ikiüzlü, əvvəlcə öz gözündən tiri çıxar, onda aydın görərsən ki, qardaşının gözündəki çöpü necə çıxarmaq olar. 6Müqəddəs olanı itlərə verməyin və mirvarilərinizi donuzlara atmayın; yoxsa bunları ayaqları ilə tapdalayarlar və dönüb sizi parçalayarlar. Dua haqqında təlim (Luka 11:9-13) 7Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. 8Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. 9Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? 10Ya da balıq diləsə, ona ilan verərmi? 11Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! 12İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur. Dar qapı və geniş qapı (Luka 13:24) 13Dar qapıdan girin. Çünki həlaka aparan qapı geniş və yolu enlidir. Bu qapıdan girənlər çoxdur. 14Amma həyata aparan qapı dar və yolu ensizdir, onu tapanlar azdır. Ağac və bəhrə (Mat. 12:33-35; Luka 6:43-46; 13:25-27) 15Yalançı peyğəmbərlərdən özünüzü gözləyin! Onlar yanınıza quzu cildində gələrlər, amma daxilən yırtıcı qurddurlar. 16Onları bəhrələrindən tanıyacaqsınız. Qaratikandan üzüm yaxud qanqaldan əncir yığılarmı? 17Beləcə də hər yaxşı ağac yaxşı bəhrə, pis ağac isə pis bəhrə verər. 18Yaxşı ağac pis bəhrə verə bilməz, pis ağac da yaxşı bəhrə verə bilməz. 19Yaxşı bəhrə verməyən hər ağac kəsilər və oda atılar. 20Beləliklə, yalançı peyğəmbərləri bəhrələrindən tanıyacaqsınız. 21Mənə “ya Rəbb, ya Rəbb” deyən hər kəs Səmavi Padşahlığa girməyəcək; lakin göylərdə olan Atamın iradəsini yerinə yetirən oraya girəcək. 22O gün bir çoxları Mənə deyəcək: “Ya Rəbb, ya Rəbb, biz Sənin adınla peyğəmbərlik etmirdikmi? Sənin adınla cinləri qovmurduqmu? Sənin adınla bir çox möcüzələr yaratmırdıqmı?” 23Onda Mən onlara bəyan edəcəyəm: “Ey qanunsuzluq edənlər, Mən sizi heç vaxt tanımamışam, Məndən uzaq olun!” Ağıllı bənna və ağılsız bənna (Luka 6:47-49) 24Beləliklə, bu sözlərimi eşidib onlara əməl edən hər kəs öz evini qaya üzərində quran ağıllı adama bənzəyir. 25Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Amma ev uçmaz, çünki təməli qaya üzərində qurulub. 26Bu sözlərimi eşidib onlara əməl etməyən hər kəs isə öz evini qum üzərində tikən ağılsız adama bənzəyir. 27Yağış yağar, sellər gələr, yellər əsər və o evə hücum edər. Ev uçar və onun yıxılması bir müsibət olar». 28İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, 29çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. Matta 8 İsa bir cüzamlıya şəfa verir (Mark 1:40-45; Luka 5:12-16) 1İsa dağdan endiyi zaman böyük bir izdiham Onun ardınca getdi. 2Bu zaman cüzamlı bir adam yaxınlaşıb «ya Rəbb, əgər istəsən, məni pak edə bilərsən» deyərək Ona səcdə qıldı. 3İsa əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» Dərhal bu adam cüzamdan pak oldu. 4İsa ona dedi: «Bax heç kəsə bir söz demə, amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə Musanın buyurduğu təqdimi apar». Yüzbaşının imanı (Luka 7:1-10) 5İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6«Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı. İsa çox adama şəfa verir (Mark 1:29-34; Luka 4:38-41) 14İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, Naxoşluqlarımızı Öz üzərinə götürdü». İsanın şagirdi olmaq nə deməkdir (Luka 9:57-62) 18İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur». 21Şagirdlərindən bir başqası İsaya dedi: «Ya Rəbb, mənə icazə ver, əvvəlcə gedim, atamı dəfn edim». 22İsa ona dedi: «Ardımca gəl. Qoy ölülər öz ölülərini dəfn etsin». İsa tufanı yatırır (Mark 4:35-41; Luka 8:22-25) 23İsa qayığa mindiyi zaman şagirdləri də Onun ardınca getdi. 24Göldə elə böyük tufan qopdu ki, qayıq dalğalarla örtüldü. Amma İsa yatırdı. 25Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ya Rəbb, bizi xilas et, biz həlak oluruq!» 26İsa onlara «Ey imanı az olanlar, niyə qorxursunuz?» dedi. Sonra durub küləklərə və gölə qadağan etdi, onda dərin sükut çökdü. 27Onlar heyrət içində qalıb dedilər: «Bu necə bir Adamdır ki, küləklər də, göl də Ona itaət edir?» Cinə tutulmuş iki nəfər sağaldılır (Mark 5:1-20; Luka 8:26-39) 28İsa o biri sahildə yerləşən Qadaralıların diyarına gəldiyi zaman qəbir mağaralarından çıxan cinə tutulmuş iki nəfər Onunla qarşılaşdı. Onlar elə təhlükəli idi ki, heç kim o yoldan keçə bilmirdi. 29Budur, onlar bağırdılar: «Ey Allahın Oğlu, bizdən nə istəyirsən? Buraya vaxtından əvvəl bizə iztirab verməyəmi gəlmisən?» 30Onlardan uzaqda böyük bir donuz sürüsü otlayırdı. 31Cinlər İsaya yalvardılar: «Bizi qovacaqsansa, bu donuz sürüsünə göndər». 32İsa onlara «Gedin!» dedi. Cinlər də adamlardan çıxıb donuzların içinə girdi. Beləliklə, bütün sürü uçurumdan aşağı, gölə atılıb suda boğuldu. 33Donuz otaranlar isə qaçdılar, şəhərə gəlib hər şeyi və cinə tutulmuş adamların başına gələn əhvalatı xəbər verdilər. 34Bundan sonra bütün şəhər əhalisi İsanı qarşılamağa çıxdı. İsanı görəndə Ona yalvardılar ki, onların bölgəsindən çıxsın. Matta 9 İsa iflicə şəfa verir (Mark 2:1-12; Luka 5:17-26) 1İsa qayığa minərək gölü keçdi və Öz şəhərinə gəldi. 2Onun yanına yataqda yatan bir iflic adamı gətirdilər. İsa onların imanını görəndə iflic olan adama dedi: «Cəsarətli ol, oğlum, günahların bağışlandı». 3Onda bəzi ilahiyyatçılar öz-özünə dedilər: «Bu Adam küfr danışır». 4Onların nə düşündüklərini görərək İsa dedi: «Niyə ürəyinizdə pis şeylər fikirləşirsiniz? 5Bax hansı daha asandır? “Günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, yeri!” demək? 6Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və onda iflicə dedi: «Qalx, yatağını götür və evinə get!» 7Xəstə qalxıb evinə getdi. 8Xalq bunu gördükdə qorxdu və insanlara bu cür səlahiyyət verən Allahı izzətləndirdi. Matta şagirdlərə qoşulur (Mark 2:13-17; Luka 5:27-32) 9İsa oradan keçəndə vergi yığılan yerdə oturan Matta adlı bir adamı görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. 10İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. 11Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» 12Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. 13Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Oruc barəsindəki sual (Mark 2:18-22; Luka 5:33-39) 14O zaman Yəhyanın şagirdləri İsanın yanına gəlib dedilər: «Nə üçün biz və fariseylər çox oruc tuturuq, amma Sənin şagirdlərin oruc tutmur?» 15İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı yas tuta bilərmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. 16Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar». Qızın dirilməsi və qadının şəfa tapması (Mark 5:21-43; Luka 8:40-56) 18Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26Bu xəbər o torpağın hər tərəfinə yayıldı. İki kor ilə bir lal sağaldılır 27İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» 28Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». 29O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». 30Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. 31Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar. 32Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. 33Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». 34Lakin fariseylər deyirdilər: «O, cinlərin başçısının gücü ilə cinləri qovur». Məhsul çox, işçilər az 35İsa bütün şəhər və kəndləri gəzib-dolaşaraq onların sinaqoqlarında təlim öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. 36Lakin izdihamı görəndə İsanın onlara rəhmi gəldi, çünki çobansız qoyunlar kimi taqətsiz və çarəsiz idilər. 37O zaman İsa şagirdlərinə dedi: «Məhsul çoxdur, işçilərsə azdır. 38Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin». Matta 10 On İki şagirdə verilən vəzifə (Mark 3:13-19; 6:7-13; Luka 6:12-16; 9:1-6; 10:1-12) 1İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12O evə girərkən ev sakinlərini salamlayın. 13Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. Şagirdlərin sıxıntıları (Mark 13:9-13; Luka 21:12-17) 16Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! Kimdən qorxmalı (Luka 12:2-9) 26Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. 29İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30Sizin başınızdakı saçlar belə, sayılıb. 31Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. İsaya layiq olmaq (Luka 12:51-53; 14:26-27) 34Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36“İnsanın düşməni öz ev əhli olacaq”. 37Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38Çarmıxını götürüb ardımca gəlməyən kəs də Mənə layiq deyil. 39Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».
Yəhya 1Allah Kəlamı 1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı. Yəhyanın şəhadəti (Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18) 19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm». İsanın ilk şagirdləri 35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz». Yəhya 2 İsa suyu şəraba döndərir 1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı. İsa satıcıları məbəddən qovur (Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi. Yəhya 3 İsa və Nikodim 1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun. Yəhyanın İsa barədə şəhadəti 22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır. Yəhya 4 İsa və Samariyalı qadın 1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər. Məmur oğlunun şəfa tapması 46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi. Yəhya 5 Hovuz kənarındakı xəstənin şəfa tapması 1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. İsanın səlahiyyəti 19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir. İsaya şəhadət 31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»

Levililər 1-10

Levililər 1


Yandırma qurbanı


1Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:  2«İsrail övladlarına bəyan et və de: “Sizdən bir nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.  3Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin.  4O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.  5O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər.  6Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın.  7Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər.  8Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər.  9Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  10Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan olsun.  11Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər.  12Sonra o adam heyvanı parça-parça doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan od üstünə düzsün.  13İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.  14Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud göyərçinlərdən qurban gətirsin.  15Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın.  16Kahin quşun çinədanını lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın.  17Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.


Levililər 2

Taxıl təqdimi

1Kimsə Rəbbə taxıl təqdimi gətirərsə, təqdimi narın un olsun, üstünə də zeytun yağı töküb kündür qoysun.  2Onu Harun nəslindən olan kahinlərə gətirsin. Sonra isə kahin bir ovuc unla yağ və kündürün hamısını götürərək qurbangahda xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  3Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyünə görə ən müqəddəsdir.  4Təndirdə bişirilmiş taxıl təqdimi gətirəndə zeytun yağı ilə narın undan yoğrulmuş mayasız kökələr və üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar təqdim et.  5Əgər təqdimin sacda bişmiş taxıl təqdimidirsə, onu narın undan, zeytun yağı ilə yoğrulmuş mayasız kökə kimi bişir.  6Onu ov və üstünə zeytun yağı tök. Bu, taxıl təqdimidir.  7Əgər təqdimin tavada bişən taxıl təqdimidirsə, onu narın undan zeytun yağı ilə hazırla.  8Bu üsullarla hazırlanan taxıl təqdimini Rəbbin yanına gətir və kahinə təqdim et. O da təqdimini qurbangaha aparsın.  9Kahin bu təqdimdən xatirə təqdimi kimi pay götürərək qurbangahda tüstülədib yandırsın. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  10Taxıl təqdiminin qalan hissəsi isə Harunla övladlarına məxsus olsun. Bu, Rəbb üçün verilən yandırma təqdimindən götürüldüyü üçün ən müqəddəsdir.  11Rəbbə gətirilən heç bir taxıl təqdimi mayalı xəmirdən hazırlanmasın. Tərkibində ya maya ya da bal olan təqdim Rəbb üçün yandırma təqdimi kimi tüstülədilib yandırılmasın.  12Bunları ilk məhsul təqdimləri kimi Rəbbin yanına gətirin. Amma xoşa gələn ətir kimi qurbangahda təqdim olunmasın.  13Taxıl təqdimlərinin hər birini duzla, onlardan Allahınla əhdinin duzunu əsirgəmə. Bütün təqdimlərini duzla.  14Əgər sən Rəbbə nübarından taxıl təqdimini gətirsən, onda təzə taxılı odda qovurub yarmasını təqdim et.  15Onun üstünə zeytun yağı və kündür qoy. Bu, taxıl təqdimidir.  16Kahin bir az yarma və zeytun yağı götürərək bütün kündürlə xatirə təqdimi kimi tüstülədib yandırsın. Bu, Rəbb üçün verilən yandırma təqdimidir.


Levililər 3

Ünsiyyət qurbanı

1Əgər kimsə ünsiyyət qurbanı gətirsə və qurbanlıq heyvan mal-qaradandırsa, qoy o, Rəbbin hüzuruna qüsursuz erkək və ya dişi heyvan gətirsin.  2Qoy adam əlini qurbanlığın başına qoyub Hüzur çadırının girişində kəssin və Harun nəslindən olan kahinlər qanı qurbangahın hər tərəfinə səpsinlər.  3Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi,  4belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.  5Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  6Əgər Rəbbə təqdim olunan ünsiyyət qurbanı qoyun-keçidəndirsə, qoy o, qüsursuz erkək və yaxud dişi heyvan gətirsin.  7Əgər gətirdiyi qurban bir qoyundursa, qoy onu Rəbbin önündə belə təqdim etsin:  8əlini qurbanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin, Harun övladları qanı qurbangahın hər tərəfinə səpsinlər.  9Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: onurğayadək kəsdiyi quyruğunu, içalatı örtən piyi və üstündəki bütün piyi  10belindəki hər iki böyrəyini, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.  11Bunları kahin qurbangahda tüstülədib yandırsın. Bu, Rəbb üçün yandırma təqdimi olaraq verilən paydır.  12Əgər adamın qurbanlığı bir keçidirsə, qoy onu Rəbbin önündə belə təqdim etsin:  13əlini heyvanın başına qoyub onu Hüzur çadırının qabağında kəssin. Harun övladları onun qanını qurbangahın hər tərəfinə səpsinlər.  14Qoy o adam qurbandan bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki bütün piyi,  15belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.  16Kahin bunları qurbangah üstündə tüstülədib yandırsın. Bu, yemək – yandırma təqdimi, xoşa gələn ətirdir. Bütün piy Rəbbə məxsusdur.  17Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun: piyi də, qanı da yeməyin”».


Levililər 4

Günah qurbanı

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına belə de: “Əgər kimsə etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini bilmədən pozarsa, qoy bunlara əməl etsin.  3Əgər məsh edilmiş baş kahin günah işlədib xalqı da borclu etsə, o günaha görə Rəbbə günah qurbanı olaraq qüsursuz bir buğa təqdim etsin.  4Buğanı Hüzur çadırının girişinə, Rəbbin hüzuruna gətirsin və əllərini heyvanın başına qoyub onu Rəbbin hüzurunda kəssin.  5Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.  6Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin.  7 Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.  8Qoy sonra kahin günah qurbanı olan buğanın piyini bütövlükdə götürsün. İçalatı örtən piyi və üstündəki bütün piyi,  9belindəki hər iki böyrəyi və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.  10Bunların hamısı ünsiyyət qurbanı olan mal-qaradan götürüldüyü kimi götürülsün və həmin kahin onları yandırma qurbanları üçün qurulan qurbangahda tüstülədib yandırsın.  11Buğanın dərisini, başından budlarına qədər bütün ətini – içalatını, bağırsaqlarını,  12hər qalan hissəsini düşərgədən kənara çıxarıb kül tökülən pak bir yerə atsın və orada odunla yandırsın.  13Əgər bütün İsrail icması bilmədən günah işlətsə, bu onların nəzərindən qaçsa və etməməli olduqları halda Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsalar,  14işlədikləri günah aşkara çıxanda camaat günah qurbanı olaraq bir buğa götürüb Hüzur çadırının qabağına gətirsin.  15İcmanın ağsaqqalları Rəbbin hüzurunda əllərini buğanın başına qoyub onu kəssinlər.  16Sonra məsh edilmiş kahin buğanın qanından götürüb Hüzur çadırına gətirsin.  17Kahin barmağını qana batırıb Rəbbin hüzurunda pərdənin qabağına yeddi dəfə çiləsin.  18Sonra kahin Hüzur çadırında Rəbbin önündəki qurbangahın buynuzlarına o qanı çəksin və buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün.  19Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın;  20günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın.  21Sonra kahin buğanı düşərgədən kənara çıxarıb əvvəlki buğanı yandıran kimi yandırsın. Bu, camaat üçün verilən günah qurbanıdır.  22Başçılardan biri günah işlədərək etməməli olduğu halda Allahı Rəbbin bütün əmrlərindən birini pozub təqsirkar olsa,  23işlətdiyi günah özünə aşkar olanda qoy qurban olaraq qüsursuz təkə gətirsin;  24əlini təkənin başına qoyub onu Rəbbin hüzurunda – yandırma qurbanlar kəsilən yerdə onu kəssin. Bu, günah qurbanıdır.  25Sonra kahin barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin. Qanın qalan hissəsini isə həmin qurbangahın altlığına töksün.  26Sonra o heyvanın bütün piyini ünsiyyət qurbanının piyi kimi qurbangahda tüstülədib yandırsın. Bununla kahin o adam üçün günahını kəffarə etsin ki, o bağışlansın.  27Əgər ölkə xalqından bir nəfər etməməli olduğu halda Rəbbin əmrlərindən birini pozaraq bilmədən günah işlədib bu günahda təqsirkar olsa,  28işlətdiyi günah özünə aşkar olanda qoy o, günahına görə özü üçün qurban – qüsursuz dişi keçi gətirsin,  29və əlini günah qurbanının başına qoyub bu qurbanı yandırma qurbanları kəsilən yerdə kəssin.  30Sonra kahin barmağı ilə qurbanın qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.  31Sonra heyvanın bütün piyini ünsiyyət qurbanının piyini çıxardığı kimi çıxarıb onu Rəbbin xoşuna gələn ətir kimi qurbangahda tüstülədib yandırın. Bununla kahin o adam üçün kəffarə etsin ki, o bağışlansın.  32Əgər adam günah qurbanı olaraq qoyun gətirsə, qoy o qüsursuz dişi heyvan gətirsin  33və əlini günah qurbanının başına qoysun və onu yandırma qurbanları kəsilən yerdə kəssin.  34Sonra kahin öz barmağı ilə günah qurbanının qanından bir az götürüb yandırma qurbanları üçün qurulan qurbangahın buynuzlarına çəksin; qanın qalan hissəsini isə qurbangahın altlığına töksün.  35Sonra o adam heyvanın bütün piyini ünsiyyət qurbanı olan qoyunun piyi kimi çıxarsın və kahin onu qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülədib yandırsın. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.


Levililər 5

1Günahın işləndiyini görərək yaxud bilərək şahidi olan adam and içdiriləndə bu barədə şəhadət etməsə, cəzasını çəkər.  2Bilmədən hər hansı murdar bir əşyaya, çöl, ev ya da qaynaşan heyvanın leşinə toxunan hər kəs murdar və təqsirkar sayılır.  3Birini murdarlayan ifrazata, insandan ifraz olan murdarlığa bilmədən toxunan kəs – nə cür murdarlıq olursa olsun – onu dərk edəndə təqsirkar sayılır.  4Düşünmədən və bilmədən hər hansı bir ehtiyatsız andla pislik yaxud yaxşılıq etmək üçün and içən hər kəs bunu biləndə təqsirkar sayılır.  5Bu adam bunlardan birinə görə təqsirini biləndə qoy günahını etiraf etsin  6və o, günaha görə Rəbbin qarşısında təqsirini yumaq üçün sürüdən dişi qoyun ya da dişi keçi götürüb günah qurbanı olaraq gətirsin. Bununla kahin o adam üçün günahını kəffarə etsin.  7Lakin əgər o adamın qoyun-keçi qurbanı kəsməyə gücü çatmırsa, günahına görə təqsirini yumaq üçün Rəbbə iki qumru quşu yaxud da iki göyərçin – biri günah qurbanı, digərini yandırma qurbanı olaraq gətirsin  8və kahinə versin. Kahin əvvəl günah qurbanı olan quşu təqdim etsin: başını bədəndən ayırmadan boynunu üzsün  9və günah qurbanının qanından qurbangahın bir tərəfinə çiləsin, qanın digər hissəsini isə qurbangahın altlığına töksün. Bu, günah qurbanıdır.  10İkinci quş da qayda-qanuna uyğun olaraq yandırma qurbanı kimi təqdim olunsun. Bununla kahin o adam üçün işlətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.  11Əgər o adamın hətta iki qumru quşuna və yaxud iki göyərçinə gücü çatmırsa, qoy işlətdiyi günah üçün narın undan efanın onda birini günah qurbanı kimi təqdim etsin. Lakin qoy onun üstünə nə zeytun yağı, nə də kündür qoymasın, çünki bu günah qurbanıdır.  12Qoy bu adam onu kahinin yanına gətirsin. Kahin ondan xatirə təqdimi kimi bir ovuc götürüb qurbangahda Rəbb üçün verilən yandırma təqdimi üzərində tüstülətsin. Bu, günah qurbanıdır.  13Bununla kahin o adam üçün işlətdiyi hər hansı bir günahı kəffarə etsin ki, o adam bağışlansın. Qalan hissə taxıl təqdimi kimi kahinə məxsus olsun”».

Təqsir qurbanı

14Rəbb Musaya dedi:  15«Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir.  16Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın.  17Əgər bir nəfər günah işlədib etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini pozarsa və bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir.  18Qoy o, kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onun bilmədən törətdiyi günahı kəffarə etsin ki, o bağışlansın.  19Bu, təqsir qurbanıdır. Həmin adam Rəbbin qarşısında təqsirkar olmuşdur».


Levililər 6

1 Rəbb Musaya dedi:  2«Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə,  3itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə,  4o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı  5yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın.  6Bu adam Rəbbin qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin.  7Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın».

Kahinlər üçün təlimat: yandırma qurbanı

8Rəbb Musaya dedi:  9«Harunla oğullarına əmr verib de: “Yandırma qurbanına aid olan təlimat budur. Yandırma qurbanı bütün gecə səhərə qədər qurbangahdakı odda qalsın, bu od isə qoy sönmədən yansın.  10Qoy kahin kətan paltarını, kətan alt geyimini əyninə geyib qurbangahda yandırma qurbanını məhv edən oddan çıxan külü götürüb qurbangahın yanına qoysun.  11Sonra kahin geyimini çıxarıb başqa paltar geyinsin və külü düşərgədən kənara çıxararaq pak bir yerə töksün.  12Qoy od qurbangahda yansın və sönməsin. Hər səhər kahin odunla od qalayıb üstünə yandırma qurbanını düzsün və ünsiyyət qurbanlarının piyini tüstülədib yandırsın.  13Qoy bu od qurbangahda daima yansın və sönməsin.

Taxıl təqdimi

14Taxıl təqdiminə aid olan təlimat budur. Harun övladları bunu Rəbbin hüzurunda qurbangahın qabağında təqdim etsinlər.  15Qoy kahin bir ovuc taxıl təqdimini, narın un ilə zeytun yağını və üstündəki kündürün hamısını götürüb qurbangahda tüstülətsin. Bu, Rəbbin xoşuna gələn ətir – xatirə təqdimidir.  16Təqdimin qalan hissəsini Harunla övladları yesin; onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində mayasız çörək kimi yesinlər.  17Bu, taxıldan maya ilə bişirilməsin. Bunu Mənə gətirilən yandırma təqdimlərindən kahinlərə düşən pay kimi verirəm. O, günah qurbanı və təqsir qurbanı kimi ən müqəddəsdir.  18Harunun hər kişi övladı nəsildən-nəslə bunu yesin. Bu, Rəbbə gətirilən yandırma təqdimlərindən onlara verilən əbədi paydır. Bunlara toxunan hər şey müqəddəs sayılar”».

Təqdis təqdimi

19Rəbb Musaya dedi:  20«Harunun məsh olunacağı gün Harunla oğullarının Rəbbə edəcəkləri təqdim budur: daimi taxıl təqdimi olaraq narın undan efanın onda birini – yarısı səhər, yarısı isə axşam,  21zeytun yağı ilə qarışdırılmış, sacda bişmiş halda gətirsin və bu taxıl təqdimini parça-parça qırıb təqdim etsin. Bu, Rəbbin xoşuna gələn ətirdir.  22Harun nəslindən yerinə keçən məsh edilmiş kahin onu belə də hazırlasın; bunu Rəbbə əbədi pay olaraq bütünlüklə tüstülədib yandırsın.  23Kahinin gətirdiyi hər taxıl təqdimi bütünlüklə yandırılsın, o yeyilməməlidir».

Günah qurbanı

24Rəbb Musaya dedi:  25«Harunla oğullarına belə de: “Günah qurbanına aid olan təlimat budur. Günah qurbanı yandırma qurbanı kəsilən yerdə – Rəbbin önündə kəsilsin. Bu qurban ən müqəddəsdir.  26Günah qurbanını təqdim edən kahin onu müqəddəs bir yerdə – Hüzur çadırının həyətində yesin.  27Onun ətinə toxunan hər bir şey müqəddəs sayılar; o qurbandan bir damla qan geyimlərə sıçrasa, o geyim müqəddəs bir yerdə yuyulsun.  28Ətin bişirildiyi saxsı qab sındırılsın; əgər o, tunc qabda bişirilibsə, həmin qab təmizlənib su ilə yaxalansın.  29Kahin nəslindən hər kişi onu yesin; o ən müqəddəsdir.  30Lakin Müqəddəs yerdə günahı kəffarə etmək üçün qanından Hüzur çadırına gətirilən günah qurbanının hamısı yeyilməməlidir, qoy yandırılsın.


Levililər 7

Təqsir qurbanı

1Təqsir qurbanına aid olan təlimat budur. O ən müqəddəsdir.  2Təqsir qurbanı yandırma qurbanları kəsilən yerdə kəsilsin. Kahin onun qanını qurbangahın hər tərəfinə səpsin.  3Onun bütün piyini təqdim etsin: quyruğunu, içalatı örtən piyi,  4belindəki hər iki böyrəyini və üstündəki piyi, qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın.  5Qoy kahin bunu Rəbb üçün yandırma təqdimi olaraq qurbangahda tüstülədib yandırsın. Bu, təqsir qurbanıdır.  6Ətini kahin nəslindən olan hər kişi yesin; bu ət müqəddəs bir yerdə yeyilsin, çünki o ən müqəddəsdir.  7Günah qurbanına da, təqsir qurbanına da aid olan təlimat eynidir: qurbanın əti həmin qurbanla kəffarə edən kahinə məxsus olsun.  8Bir adamın gətirdiyi yandırma qurbanının dərisi də həmin qurbanı təqdim edən kahinə məxsus olsun.  9Təndirdə bişirilmiş hər taxıl təqdimi, tavada, sacda hazırlanan hər bir şey onu götürüb təqdim edən kahinə məxsus olsun.  10Zeytun yağı ilə yoğrulmuş yaxud hər quru taxıl təqdimi isə bütün Harun övladları arasında bərabər paylara bölünsün.

Ünsiyyət qurbanı

11Rəbbə təqdim olunan ünsiyyət qurbanına aid olan təlimat budur.  12Əgər kimsə onu təşəkkür etmək üçün qurban gətirsə, onda o, zeytun yağı ilə yoğrulmuş mayasız kökələr, üstünə zeytun yağı sürtülmüş mayasız qoğallar və zeytun yağı ilə narın undan yoğrulmuş kökələr gətirsin.  13Bundan əlavə, o, mayalı çörək kökələrini təşəkkür ifadə edən ünsiyyət qurbanı ilə təqdim olaraq gətirsin.  14Bunların hər növündən birini Rəbbə qaldırılan pay kimi təqdim etsin. O, ünsiyyət qurbanının qanını səpən kahinə məxsus olsun.  15Təşəkkür ifadə edən ünsiyyət qurbanının əti qurban kəsilən gün yeyilsin. O, səhərə qədər qalmamalıdır.  16Əgər kimsə verdiyi əhdə görə yaxud könüllü təqdim olaraq qurban gətirərsə, qurbanın əti kəsildiyi gün yeyilsin, qalan hissəsi isə sabahkı gün yeyilə bilər,  17lakin üçüncü günə qalan qurbanlıq əti yandırılsın.  18Əgər ünsiyyət qurbanlarının ətindən üçüncü gün yeyilsə, o qurbanı gətirən adam qəbul olunmaz və qurban onun xeyrinə sayılmaz, bu ət iyrənc sayılar və onu yeyən adam cəzasını çəkər.  19Murdar sayılan hər hansı bir şeyə toxunan ət yeyilməməli və yandırılmalıdır. Hər pak adam murdar ətdən başqa hər cür ət yeyə bilər;  20murdar halda isə Rəbbə kəsilən ünsiyyət qurbanının ətini yeyən hər kəs xalqı arasından qovulsun.  21Bir nəfər hər hansı murdar əşyaya, insandan ifraz olan murdarlığa yaxud murdar bir heyvana yaxud hər hansı iyrəndirici bir murdar şeyə toxunub sonra da Rəbbin ünsiyyət qurbanının ətindən yeyərsə, xalqı arasından qovulsun”».

Xalq üçün qurbanlara aid olan təlimat

22Rəbb Musaya dedi:  23«İsrail övladlarına belə de: “Mal-qara, qoyun və keçi piyini yeməyin.  24Təbii yolla ölən yaxud parçalanıb ölən heyvanın piyini hər bir başqa iş üçün işlədə bilərsiniz, lakin onu qətiyyən yemək olmaz.  25Rəbb üçün yandırma təqdimi olaraq verilən heyvanın piyindən yeyən hər kəs xalqı arasından qovulsun.  26 Bütün yaşadığınız yerlərdə heç vaxt quşların və heyvanların qanını yeməyin;  27qan yeyən hər kəs xalqı arasından qovulsun”».  28Rəbb Musaya dedi:  29«İsrail övladlarına belə de: “Rəbbə ünsiyyət qurbanı təqdim edən şəxs onun bir hissəsini Rəbbin hüzuruna qurban gətirsin.  30Onu öz əli ilə Rəbb üçün yandırma təqdimi olaraq gətirsin; heyvanın piyi ilə döş ətini gətirib Rəbbin hüzurunda yellətmə təqdimi versin.  31Kahin piyi qurbangahda tüstülədib yandırsın; döş əti isə Harunla övladlarına məxsus olsun.  32Ünsiyyət qurbanları olan heyvanlarınızın sağ budunu qaldırma təqdimi kimi kahinə verin;  33həmin sağ bud ünsiyyət qurbanının qanını və piyini təqdim edən Harun övladlarının payı olsun”.  34Çünki Mən yellədilən döş ətini və qaldırılan budu İsrail övladlarından, onların ünsiyyət qurbanlarından götürüb kahin Harunla övladlarına İsraillilərdən gələn əbədi pay kimi vermişəm.  35Bu, Rəbbə kahinlik etmək üçün bunları təqdim etdiyi gün Rəbb üçün verilən yandırma təqdimlərindən Harunun və övladlarının payıdır;  36Harunla övladları məsh olunduğu gün Rəbb əmr etmişdir ki, nəsildən-nəslə İsrail övladları bu əbədi payı onlara versinlər».  37Bu, yandırma qurbanına, taxıl təqdiminə, günah qurbanına, təqsir qurbanına, təqdis təqdiminə və ünsiyyət qurbanına aid olan  38Rəbbin Sina dağında Musaya əmr etdiyi təlimatdır. Rəbb bu təlimatı İsrail övladlarına Sina səhrasında qurbanlarını Ona təqdim etməklə əlaqədar əmr etdiyi gündə vermişdi.


Levililər 8

Harunla oğullarını kahinliyə təqdis olunması

(Çıx. 29:1-37)

1Rəbb Musaya dedi:  2«Harunla oğullarını, geyimlərini, məsh yağını və günah qurbanı kəsmək üçün bir buğa, iki qoç, bir səbət mayasız çörək götür.  3Sonra bütün icmanı Hüzur çadırının girişinə topla».  4Musa Rəbbin əmrinə əməl etdi. İcma Hüzur çadırının girişinə yığılanda  5Musa onlara dedi: «Rəbbin əmr etdiyi budur».  6Sonra Musa Harunla oğullarını irəli gətirib onları su ilə yuyundurdu.  7Harunun əyninə xirqəsini geyindirib belinə qurşağını bağladı, üstündən cübbəsini geyindirdi və üstünə efodu qoydu. Efodun kəmərini belinə bağlayıb efodu özünə bərkitdi.  8Efodun üstündən döşlüyünü, döşlüyündə isə Urim və Tummimi yerləşdirdi.  9Onun başına çalmanı, çalmanın qabaq hissəsinə qızıl lövhəciyi olan müqəddəslik tacını qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  10Musa məsh yağını götürüb məskəni və içindəki hər şeyi məsh edərək təqdis etdi.  11Sonra məsh yağını qurbangaha yeddi dəfə çiləyib onunla bütün avadanlığını, ləyənlə altlığını da təqdis etmək üçün məsh etdi.  12Musa bir az məsh yağı götürüb Harunun başına tökərək onu təqdis etmək üçün məsh etdi.  13Sonra Musa Harunun oğullarını irəli gətirdi, onlara xirqə geyindirdi, bellərinə qurşaq bağladı və başlarına papaq qoydu. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  14Bundan sonra Musa günah qurbanı üçün nəzərdə tutulmuş buğanı gətirdi. Harunla oğulları həmin buğanın başına əllərini qoydular.  15Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi.  16Musa heyvanın içalatının üstündəki bütün piyi, qaraciyərin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini götürərək qurbangahda tüstülədib yandırdı.  17Buğanı – dərisini, ətini və bağırsaqlarını düşərgənin kənarında yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  18Musa yandırma qurbanı üçün nəzərdə tutulmuş qoçu gətirdi. Harunla oğulları əllərini qoçun başına qoydular.  19Musa qoçu kəsdi və qanını qurbangahın hər tərəfinə səpdi.  20Qoçu parça-parça doğradı; Musa qoçun başını, parçalarını və piyini tüstülədib yandırdı.  21Sonra içalatını və budlarını su ilə yudu və bütün qoçu qurbangahda tüstülədib yandırdı. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimi idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  22Musa o biri qoçu – təqdis qoçunu gətirdi; Harun və oğulları əllərini qoçun başına qoydular.  23Musa onu kəsdi; qanından bir az götürüb Harunun sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəkdi.  24Bundan sonra Musa Harunun oğullarını gətirib onların sağ qulaq mərcəklərinə, sağ əllərinin baş barmaqlarına və sağ ayaqlarının baş barmaqlarına qan çəkdi. Musa heyvanın qanını qurbangahın hər tərəfinə səpdi.  25Sonra piyini, quyruğunu, içalatının üstündəki piyi, qaraciyərinin quyruğa bənzər hissəsini, hər iki böyrəklə piyini və sağ budunu götürdü.  26Rəbbin önündə olan mayasız çörəklər səbətindən bir mayasız kökə, bir zeytun yağı ilə yoğrulmuş çörək kökəsi və bir qoğal götürüb piylə sağ budun üstünə qoydu.  27O bunların hamısını Rəbbin hüzurunda yellətmə təqdimi üçün Harunun və oğullarının əllərinə verdi.  28Sonra Musa həmin şeyləri onların əllərindən alıb qurbangahda yandırma qurbanı ilə birlikdə tüstülədib yandırdı. Bu, təqdis qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  29Musa döş ətini götürdü və onu Rəbbin hüzurunda yellədərək təqdim etdi. Bu, təqdis qurbanı olan qoçdan Musanın payı idi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  30Musa məsh yağını və qurbangahdakı qanı götürüb Haruna, onun geyimlərinə, oğullarına və geyimlərinə çilədi. Beləliklə, Harunu və onun geyimlərini, oğullarını və onların geyimlərini təqdis etdi.  31Sonra Musa Harunla oğullarına dedi: «Əti Hüzur çadırının girişində qaynadın və “Harunla oğulları onu yesin” deyib əmr etdiyimə görə onu orada təqdis təqdimi üçün səbətdəki çörəklə yeyin.  32Çörəyin və ətin qalan hissələrini yandırın.  33Təqdis günləri başa çatana qədər yeddi gün Hüzur çadırının girişindən kənara çıxmayın; çünki vəzifəyə keçmə vaxtınız yeddi gün davam edəcək.  34Bu gün edilən hər şeyi Rəbb kəffarəniz üçün əmr etdi.  35Yeddi gün ərzində gecə-gündüz Hüzur çadırının girişində qalın və Rəbbin buyruğuna riayət edin ki, ölməyəsiniz. Mənə belə əmr verilib».  36Harunla oğulları Rəbbin Musa vasitəsilə əmr etdiyi hər şeyə əməl etdilər.


Levililər 9

Harun qurban gətirir

1Bundan səkkiz gün sonra Musa Harunla oğullarını və İsrail ağsaqqallarını yanına çağırıb  2Haruna dedi: «Özün üçün günah qurbanı kimi qüsursuz bir erkək dana və yandırma qurbanı kimi qüsursuz bir qoç götür və Rəbbin hüzurunda təqdim et.  3Sonra İsrail övladlarına de: “Günah qurbanı kimi bir təkə, yandırma qurbanı kimi birillik qüsursuz bir dana və birillik qüsursuz bir toğlu,  4Rəbbin hüzurunda kəsilən ünsiyyət qurbanları kimi bir buğa, bir qoç və zeytun yağı ilə yoğrulmuş taxıl təqdimləri götürün. Çünki bu gün Rəbb sizə görünəcək”».  5Musanın əmr etdiyi hər şey Hüzur çadırının önünə gətirildi. Sonra bütün icma yaxınlaşıb Rəbbin hüzurunda durdu.  6Musa dedi: «Rəbb bu işi əmr etdi ki, siz əməl edəsiniz, onda Rəbbin izzəti sizə görünəcək».  7 Musa Haruna dedi: «Qurbangaha yaxınlaş və özün üçün günah qurbanı ilə yandırma qurbanını gətir. Həm özünün, həm də xalqının günahlarını bunlarla kəffarə et. Xalqın qurbanını da təqdim edərək onların günahını bununla kəffarə et. Rəbb əmr etdiyi kimi olsun».  8Harun qurbangaha yaxınlaşıb özü üçün günah qurbanı olan dananı kəsdi.  9Onun qanını Harunun oğulları atalarına təqdim etdilər. Harun barmağını qana batırıb qurbangahın buynuzlarına çəkdi; qanın qalan hissəsini isə qurbangahın altlığına tökdü.  10Sonra günah qurbanının piyini, böyrəklərini, qaraciyərini, quyruğa bənzər hissəsini qurbangahda tüstülədib yandırdı. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  11Qurbanın əti ilə dərisini düşərgənin kənarında yandırdı.  12Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.  13Parça-parça kəsilən qurbanı və başını Haruna gətirdilər; o da onları qurbangahda tüstülədib yandırdı.  14Qurbanın içalatı ilə budlarını yuyaraq qurbangahda yandırma qurbanı ilə birgə tüstülədib yandırdı.  15Bundan sonra Harun xalqın qurbanını təqdim etdi. Xalq üçün günah qurbanı olan təkəni götürüb kəsdi; onu birinci günah qurbanı kimi gətirdi.  16Yandırma qurbanı üçün heyvan gətirdi və onu qayda-qanuna uyğun olaraq təqdim etdi.  17Sonra Harun taxıl təqdimini gətirdi. Səhər təqdim olunan yandırma qurbanından savayı ovuclarını taxıl təqdimi ilə doldurub qurbangahda tüstülədərək yandırdı.  18 Harun xalq üçün ünsiyyət qurbanı olan buğanı və qoçu kəsdi. Harunun oğulları bunların qanını atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi.  19Buğanın və qoçun piyini, quyruğunu, içalatı örtən piyini, böyrəklərini, qaraciyərinin quyruğa bənzər hissəsini götürüb  20döş ətlərini üstünə qoydular. Harun da bu piyi qurbangahda tüstülədib yandırdı,  21döş ətlərini isə sağ budları ilə birlikdə Rəbbin önündə yellədərək təqdim etdi. Rəbbin Musaya əmr etdiyi kimi oldu.  22 Harun günah qurbanını, yandırma qurbanını və ünsiyyət qurbanını gətirdikdən sonra əllərini xalqa doğru uzadıb onlara xeyir-dua verdi. Sonra o aşağı düşdü.  23Musa ilə Harun Hüzur çadırına girdilər. Sonra onlar çıxıb birlikdə xalqa xeyir-dua verdilər. O vaxt Rəbbin izzəti bütün xalqa göründü  24və Rəbbin hüzurundan od çıxıb qurbangahdakı yandırma qurbanı ilə piyi yandıraraq yox etdi. Bütün xalq bunu görərək sevincdən qışqırıb üzüstə yerə düşdü.

Levililər 10

Nadavla Avihunun məhv olması

1Harun oğulları Nadav və Avihu buxurdanlarını götürüb içinə közərmiş kömürlə buxur qoydular və Rəbbin önünə haram od gətirdilər. Belə təqdimi Rəbb əmr etməmişdi.  2Rəbb hüzurundan od göndərib onları məhv etdi. Onlar Rəbbin hüzurunda öldülər.  3Musa Haruna dedi: «Budur, Rəbb belə demişdir: “Mənə yaxınlaşanlar Məni müqəddəs saysınlar;

Bütün xalq məni izzətləndirsin”».

Harun isə susurdu.  4Musa Harunun əmisi Uzzielin oğulları Mişaellə Elsafanı çağırıb dedi: «Yaxın gəlin və qardaşlarınızın cəsədlərini Müqəddəs yerin önündən düşərgənin kənarına aparıb qoyun».  5Musa bu sözü deyən kimi onlar yaxınlaşdılar və cəsədləri xirqələri əynindəcə düşərgənin kənarına aparıb qoydular.  6Musa Haruna və onun sağ qalan oğulları Eleazar və İtamara dedi: «Siz yas tutaraq saçlarınızı dağıtmayın, geyimlərinizi cırmayın. Yoxsa ölərsiniz və Rəbb bütün icmaya qəzəblənər. Ancaq bütün İsrailli soydaşlarınız Rəbbin yandırdığı adamların yasını tutsun.  7Hüzur çadırının girişindən kənara çıxmayın, yoxsa ölərsiniz, çünki Rəbbin məsh yağı sizin üstünüzdədir». Onlar da Musanın dediyi kimi etdilər.

Kahinlər üçün təlimat

8Rəbb Haruna dedi:  9«Sən və övladların Hüzur çadırına nə şərab, nə də başqa kefləndirici içki içib girməyin, yoxsa ölərsiniz. Qoy bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.  10 Müqəddəslə adi şeyləri ayırd edin, həm də pak və murdar şeylər arasında fərq qoyun.  11Mənim Musa vasitəsilə bəyan etdiyim bütün qaydaları İsrail övladlarına öyrədin».  12 Musa Haruna və sağ qalan oğulları Eleazarla İtamara dedi: «Rəbb üçün verilən yandırma təqdimlərindən qalan taxıl təqdimini götürün və mayasız çörək bişirib qurbangahın yanında yeyin, çünki bu ən müqəddəsdir.  13Onu müqəddəs bir yerdə yeyin, mənə verilmiş əmrə görə bu, Rəbb üçün verilən yandırma təqdimlərindən sənin və övladlarının payına düşür.  14 Yellədilən döş ətini və qaldırılan bud ətini isə sən, oğulların və qızların pak bir yerdə yeyin; çünki bunlar İsrail övladlarının ünsiyyət qurbanlarından sənin və övladlarının payı kimi ayrılıb.  15Qaldırılan bud ətini və yellədilən döş ətini Rəbbin önündə yellətmək üçün yandırma təqdimi olan piylə birlikdə gətirin. Bu sizin və övladlarınızın əbədi payı olacaq. Rəbb belə əmr etmişdir».  16 Musa günah qurbanı olan təkəni axtardı. O isə yandırılmışdı. Musa Harunun sağ qalan oğullarına – Eleazara və İtamara qəzəblənib dedi:  17«Siz nə üçün günah qurbanını müqəddəs sayılan yerdə yemədiniz? Çünki bu qurban ən müqəddəsdir və sizə verilib ki, onunla icmanın günahlarının cəzasını üzərindən götürüb onlar üçün Rəbbin önündə kəffarə edəsiniz.  18Təkənin qanı içəri, Müqəddəs yerə gətirilmədi. Mən sizə əmr etdiyim kimi siz onun ətini mütləq Müqəddəs yerdə yeməli idiniz».  19Harun Musaya dedi: «Bu gün günah qurbanı və yandırma qurbanı Rəbbin önündə təqdim olunmuşdur. Ancaq başıma belə iş gəldi. Əgər mən bu gün günah qurbanını yemiş olsaydım, o, Rəbbə məqbul olardımı?»  20Musa bunu eşidib razılaşdı.

Levililər 11-20

Levililər 11


Əti yeyilən və yeyilməyən heyvanlar


(Qanun. 14:3-21)

1Rəbb Musa ilə Haruna belə dedi:  2«İsrail övladlarına belə deyin: “Quruda yaşayan heyvanlardan belələrinin ətini yemək olar.  3Hər hansı qoşadırnaqlı gövşəyən heyvanın ətini yeyə bilərsiniz.  4Lakin gövşəyən yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: dəvə, çünki o gövşəsə də, qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır;  5qayadovşanı, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır;  6dovşan, çünki o gövşəsə də qoşadırnaqlı deyil, buna görə də sizin üçün haramdır;  7donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır.  8Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır.  9Sularda, dənizlərdə yaxud çaylarda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz.  10Amma sularda, dənizlərdə yaxud çaylarda qaynaşan heyvanlardan üzgəcləri və pulcuqları olmayan hər canlı məxluq sizin üçün iyrənc olsun.  11Onların ətini yeməyin və leşindən iyrənin; onlar sizin üçün iyrənc olsun.  12Sularda üzgəcləri və pulcuqları olmayanların hamısı sizin üçün iyrənc olsun.  13Quşlardan bunları iyrənc olduğuna görə yeməyin: qartal, keçələkərkəs, qaraquş,  14çalağan, bütün şahin cinsindən olanlar,  15bütün qarğa cinsindən olanlar,  16dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,  17yapalaq, qarabatdaq, böyük bayquş,  18ağ bayquş, qutan, leş kərkəsi,  19leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.  20Dördayaqla gəzən, qanadlı qaynaşan heyvanların hamısı da sizin üçün iyrənc olsun.  21Lakin dördayaqla gəzən, qanadlı qaynaşan heyvanlardan yerdə sıçramaq üçün oynaqlı ayaqları olanları yeyə bilərsiniz;  22onlardan bütün çəyirtkə cinsindən olanları, bütün keçəl çəyirtkə cinsindən olanları, bütün sisək cinsindən olanları, bütün şala cırcıraması cinsindən olanları yemək olar.  23Bütün digər dördayaqlı qanadlı qaynaşan heyvanlar isə sizin üçün iyrənc olsun.  24Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar sayılsın.  25Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun; axşama qədər murdar sayılsın.  26Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın.  27Pəncələri üstündə yeriyən dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar sayılsın.  28Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar sizin üçün murdar sayılsın.  29Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər növ kərtənkələ,  30gekkon, varan, kərtəncik, kələz, buqələmun.  31Bunlar bütün qaynaşan heyvanlar arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın.  32Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın.  33Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın.  34Belə bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır.  35O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun.  36Ancaq su bulağı yaxud su anbarı pak sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın.  37Bunlardan birinin leşi əkin üçün ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın.  38Amma leş suya salınmış toxumun üstünə düşərsə, toxum sizin üçün murdar olsun.  39Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar sayılsın.  40O heyvanın leşindən yeyən adam geyimini yusun və axşama qədər murdar sayılsın. Leşini daşıyan adam da geyimləri yusun və axşama qədər murdar sayılsın.  41Yer üzündə sürünən hər qaynaşan heyvan sizin üçün iyrənc olsun; onu yeməyin.  42İstər qarnı üstündə, istər dörd ayağı ilə sürünən ya da yer üzündəki çoxayaqlı olan qaynaşan heyvanlardan yeməyin, çünki onlar iyrəncdir.  43Qaynaşan heyvanların heç biri ilə özünüzü iyrənc edib murdarlamayın, çünki onlara görə siz murdar olarsınız.  44 Allahınız Rəbb Mənəm. Özünüzü təqdis edin və müqəddəs olun, çünki Mən müqəddəsəm; özünüzü yerdə sürünən heç bir qaynaşan heyvanla murdar etməyin.  45Çünki Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Rəbb Mənəm. Müqəddəs olun, çünki Mən müqəddəsəm”».  46Heyvan, quş, sularda üzən hər cür canlı məxluq, yer üzündə qaynaşan hər cür heyvan haqqında təlimat budur.  47Bununla pakla murdar şeylər arasında, yeyilən və yeyilməyən heyvanlar arasında fərq qoyulur.

YUXARI

Levililər 12

Zahı qadınlar üçün qaydalar

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına belə de: “Hamilə olub oğlan uşağı doğan bir qadın aybaşı, murdarlıq dövründə olduğu kimi yeddi gün murdar sayılsın.  3 Səkkizinci gün uşaq sünnət olunsun.  4Qadın qanaxmadan paklanmaq üçün daha otuz üç gün gözləsin. Bu paklanma dövrü bitənə qədər qadın heç bir müqəddəs şeyə toxunmamalı və Müqəddəs məkana yaxınlaşmamalıdır.  5Əgər bir qadın qız uşağı doğarsa, aybaşı vaxtı kimi iki həftə murdar sayılsın və paklanmaq üçün əlavə olaraq altmış altı gün gözləsin.  6Oğlan yaxud qız uşağı doğub paklanma müddəti bitəndə qadın Hüzur çadırının girişinə birillik toğlunu yandırma qurbanı kimi və göyərçin yaxud qumru quşunu kahinin yanına günah qurbanı kimi gətirsin.  7Kahin bunları Rəbbin hüzurunda qurban gətirib, zahı qadın üçün kəffarə etsin ki, o qan axmasından pak olsun. Qız ya oğlan doğan zahı qadın üçün təlimat budur.  8 Əgər qadının toğlu gətirməyə gücü çatmırsa, onda birini yandırma qurbanı, o birini isə günah qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin gətirsin. Bununla kahin həmin zahı üçün kəffarə etsin ki, o pak olsun”».


Levililər 13

Cüzam və dəri xəstəlikləri

1Rəbb Musaya və Haruna dedi:  2«Bir adamın dərisində şiş yaxud səpki yaxud ləkə əmələ gəlib dəridə cüzam kimi görünən bir əlaməti olarsa, qoy o adam kahin Harunun yaxud onun nəslindən olan kahinlərin birinin yanına gətirilsin.  3Kahin dəridəki əlamətə baxsın. Əlamət üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu, cüzamın bir əlamətidir. Kahin baxıb o adamı murdar elan etsin.  4Əgər dərisindəki ləkə ağ olub dəridən dərin görünməsə və üstündəki tükləri ağartmasa, kahin azarlını yeddi gün müddətinə təcrid etsin.  5Yeddinci gün kahin ona baxsın. Onun nəzərində əlamət yerində qalıb dərisinə yayılmayıbsa, kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.  6Yeddinci gün kahin yenə də ona baxsın. Əlamət dərisinə yayılmayıb, solubsa, kahin o adamı pak elan etsin. Bu azar dəri səpməsidir. Qoy o adam geyimlərini yusun, sonra pak sayılsın.  7Lakin kahin ona baxıb pak saydıqdan sonra səpmə dərisinə yayılırsa, o yenə də özünü kahinə göstərsin.  8Kahin yenə də ona baxsın, dərisindəki səpmə yayılıbsa, kahin o adamı murdar elan etsin. Bu cüzamdır.  9Bir adamın dərisində cüzam əlaməti əmələ gələrsə, qoy o adam kahinin yanına gətirilsin.  10Kahin ona baxsın, dəridəki tükləri ağardan xoralı ağ bir şiş varsa,  11bu, bədəninin dərisində kök salmış cüzamdır. Kahin o adamı murdar elan etsin, amma təcrid etməsin, çünki o murdardır.  12Əgər cüzam dəriyə yayılıb bütün bədəni bürüsə və əlamətin onu təpədən dırnağadək tutması kahinə görünsə,  13qoy kahin diqqətlə baxsın. Cüzam bütün bədəni bürüyübsə, kahin azarlını pak elan etsin. Ağardığı üçün o adam pak sayılsın.  14Lakin o adamda xoralanma görünsə o, murdar sayılsın.  15Kahin o adama baxıb xoralanma görsə, onu murdar elan etsin. Xoralanma murdardır, o, cüzamdır.  16Xoralanma sağalıb ağardığı halda o adam kahinin yanına getsin  17və kahin ona baxsın; əlamət ağarıbsa, o adamı pak elan etsin, çünki o, pakdır.  18Bir adamın dərisində çiban əmələ gəlib sağaldıqdan sonra  19və yerində ağ şiş yaxud qırmızımtıl-ağ parlaq ləkə əmələ gələn halda bu əlamət kahinə göstərilsin.  20Kahin ləkəyə baxsın, üstündəki tükləri ağarıb dəridən dərin görünsə, kahin o adamı murdar elan etsin. Bu, çibanla başlanan cüzamdır.  21Əgər kahin baxıb görsə ki, ləkənin üstündəki ağ tüklər yoxdur və ləkə dəridən dərin deyil, solğundur, onda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.  22Əgər dəridəki ləkə yayılırsa, kahin adamı murdar elan etsin. Çünki bu, əlamətdir.  23Amma ləkə yerində qalıb yayılmayıbsa, bu, çibandan qalan çapıqdır. Kahin o adamı pak elan etsin.  24Bir adamın dərisində olan yanıq yerində qırmızımtıl-ağ yaxud ağ parlaq ləkə əmələ gələrsə,  25kahin ləkəyə baxsın, ləkə üstündəki tükləri ağardıb dəridən dərin görünsə, bu yanıqda başlanan cüzamdır. Kahin o adamı murdar elan etsin, çünki bu cüzamın əlamətidir.  26Əgər kahin baxıb görsə ki, ləkənin üstündə ağ tüklər yoxdur və ləkə dəridən dərin olmayaraq solğun görünür, bu halda kahin azarlını yeddi gün müddətinə təcrid etsin.  27Yeddinci gün kahin yenə azarlıya baxsın. Əgər ləkə dəriyə yayılıbsa, kahin o adamı murdar elan etsin; bu, cüzamın əlamətidir.  28Amma ləkə yerində qalıb dərisində yayılmayıbsa və solubsa, bu, yanıqdan qalan şişdir; kahin o adamı pak elan etsin, çünki bu, yanıqdan qalan izdir.  29Bir kişinin ya qadının başında ya çənəsində əlamət olanda  30kahin ona baxsın. Əlamət dəridən dərin görünürsə və üstündəki tüklər sarı və nazikdirsə, kahin onu murdar elan etsin. Bu başda ya da çənədə iyrənc xəstəlik – qoturdur.  31Kahin qotur əlamətinə baxsın. Əlamət dəridən dərin görünməyib üstündə qara tüklər olmayan halda kahin qotur adamı yeddi gün müddətinə təcrid etsin.  32Kahin yeddinci gün yenə də əlamətə baxsın, qoturluq yayılmayıbsa, üstündəki tüklər saralmayıbsa, qoturluq da dəridən dərin görünmürsə,  33qoy o adam qoturluq olan yerdən başqa bütün bədənini qırxsın. Sonra kahin onu yenə də yeddi gün müddətinə təcrid etsin.  34Yeddinci gün kahin yenə də əlamətə baxsın. Əgər qotur dəriyə yayılmayıbsa və dəridən dərin görünməsə, kahin o adamı pak elan etsin. Qoy o adam geyimlərini yusun, sonra da pak sayılsın.  35Lakin əgər kahin xəstəni pak saydıqdan sonra qoturluq dəriyə yayılırsa,  36kahin ona təkrarən baxsın. Qoturluq dərisinə yayılıbsa, kahin üstündəki sarı tükün olub-olmamasına baxmasın. O adam murdar sayılsın.  37Lakin kahinin nəzərində qoturluq yerində qalıbsa və üstündə qara tük əmələ gəlirsə, qotur keçir və onda o adam pak sayılsın, kahin onu pak elan etsin.  38Bir kişinin yaxud qadının dərisində ağ parlaq ləkələr olarsa,  39qoy kahin baxsın; dərisində donuq ağ ləkələr varsa, bu başlanan dəmrovdur. O adam pak sayılsın.  40Başının təpəsində saçı tökülmüş kişi dazdır. O pak sayılsın.  41Əgər alnından saçı tökülübsə, o adamın alnı açılmışdır və o pak sayılsın.  42Lakin daz və yaxud alnı açılmış adamın saçı tökülən yerdən qırmızımtıl-ağ ləkə çıxarsa, bu həmin yerdə başlanan cüzamdır.  43Kahin oraya baxsın, saçı tökülmüş yerdəki şiş qırmızımtıl-ağdırsa və cüzam kimi görünürsə,  44o kişi iyrənc xəstəliyə tutulduğu üçün murdar sayılsın. Başındakı əlamətə görə kahin mütləq onu murdar elan etsin.  45Belə iyrənc xəstəliyə tutulan adamın geyimləri cırıq, saçı isə dağınıq olmalıdır. O adam üzünün aşağı hissəsini örtüb “Murdaram! Murdaram!” deyə çığırsın.  46Dərisində əlamət olduğu bütün müddət o murdar sayılsın. Murdarlığına görə düşərgədən kənarda tək yaşasın.

Parçadakı iyrənc kif

47Üstündə iyrənc kif əlaməti olan hər cür parça: yun ya da kətan geyim  48yaxud hər cür toxunma parça yaxud dəri və hər dəri məmulatı haqqında təlimat budur.  49Ya geyimdə, dəridə ya da hər cür parçada, dəridən düzəlmiş hər bir əşyada əmələ gələn əlamət yaşıltəhər və ya qırmızımtıl olsa, bu, iyrənc kif əlamətidir. Qoy bu, kahinə göstərilsin.  50Kahin ona baxıb, əşyanı yeddi gün müddətinə təcrid etsin.  51Yeddinci gün yenə də ona baxıb görsə ki, geyimə, parçaya, dəriyə yaxud dəridən düzəlmiş məmulata əlamət yayılıb, bu əlamət təhlükəli iyrənc kifdir, murdar sayılsın.  52Üstündə əlamət olan yun ya da kətan geyimi yaxud parçanı yaxud dəridən olan əşyanı kahin yandırsın. Bu, iyrənc təhlükəli kifdir, yandırılsın.  53Amma əgər kahin baxıb görsə ki, geyimə, parçaya yaxud dəridən olan əşyaya əlamət yayılmayıb,  54kahin əmr versin ki, üstündə əlamət olan hər şey yuyulsun. Sonra onu yenə də yeddi gün müddətinə təcrid etsin.  55Əlamət yuyulduqdan sonra kahin yenə də o şeyə baxsın. Əlamət yayılmadığı halda görkəmini dəyişməyibsə, o şey murdar sayılsın. Əlamət istər ön, istərsə arxa tərəfindən olsun, onu yandırmalısınız.  56Lakin kahin baxıb görsə ki, əlamət yuyulduqdan sonra rəngi solub, qoy onu geyimdən, dəridən yaxud parçadan qopartsın.  57Əgər bundan sonra əlamət geyimdə, parçada yaxud dəri əşyada yenidən əmələ gələrsə, o əşyanın sahibi onu yandırsın.  58Yuyulduqdan sonra əlamət üstündən yox olan paltar, parça yaxud dəri əşya yenə də yuyulub pak sayılsın.  59Bu, yun və ya kətan geyimdə, hər toxunma parçada və dəridən olan hər əşyada əmələ gələn iyrənc kif əlamətinə əsasən onu pak ya murdar saymaq üçün təlimatdır».


Levililər 14

Cüzam haqqında

1Rəbb Musaya dedi:  2 «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə  3kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın; onun dərisindəki əlamətlər sağalıbsa,  4onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin.  5Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin.  6Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın.  7Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın.  8Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın.  9Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın.  10Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin.  11Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gətirsin.  12Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin.  13Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir.  14Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin.  15Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və  16sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin.  17Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün.  18Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin.  19Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib  20onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın.  21Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı,  22biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar.  23Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin.  24Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və  25təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin.  26Kahin zeytun yağından bir az sol ovcuna töksün  27və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin.  28Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin.  29Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin.  30Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin.  31Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin».  32Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.

Evlərdəki iyrənc kif

33Rəbb Musaya və Haruna dedi:  34«Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm,  35qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin.  36Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin.  37Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa,  38kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin.  39Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa,  40onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın.  41Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər.  42Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar.  43Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə,  44kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın.  45Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə atılsın.  46Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın.  47O evdə yeyən yaxud yatan adam geyimlərini yusun.  48Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan etsin, çünki kif keçib gedib.  49O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa otunu götürüb  50quşların birini saxsı qabda axar su üzərində kəssin.  51Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın, evə yeddi dəfə çiləyərək  52quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al rəngli iplə o evi pak etsin.  53Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın».  54Bu, hər cür cüzam, qotur,  55geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif,  56şiş, səpki və ləkə,  57belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.


Levililər 15

Xəstəliyə görə bədən axıntıları

1Rəbb Musaya və Haruna dedi:  2«İsrail övladlarına belə deyin: “Bir nəfərin xəstəliyə görə bədən axıntısı olarsa, o murdar sayılsın.  3Xəstəliyə görə bədən axıntısı istər sərbəst axsın, istərsə də qatılaşsın, o şəxs murdar sayılır.  4Üstündə yatdığı hər yataq və oturduğu hər şey murdar sayılsın.  5Kim onun yatağına toxunarsa, geyimini yusun, su ilə yuyunsun; sonra axşama qədər murdar sayılsın.  6Xəstəliyə görə bədən axıntısı olan şəxs üstündə oturduğu əşyanın üstündə oturan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.  7Xəstəliyə görə bədən axıntısı olan şəxsin bədəninə toxunan hər kəs də geyimini yusun və özü su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.  8Xəstəliyə görə bədən axıntısı olan şəxs pak adama tüpürsə, o adam geyimini yusun, su ilə yuyunsun. O, axşama qədər murdar sayılsın.  9Xəstəliyə görə bədən axıntısı olan şəxsin mindiyi hər yəhər murdar sayılsın.  10Onun altında olmuş hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın; belə şey daşıyan hər kəs də geyimini yusun.  11Xəstəliyə görə bədən axıntısı olan şəxs əllərini yumamış kimə toxunarsa, o adam geyimlərini yusun və su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.  12Xəstəliyə görə bədən axıntısı olan şəxsin toxunduğu hər saxsı qab sındırılsın, taxta qab isə su ilə yuyulsun.  13Bu adam öz axıntısı kəsildiyi halda paklanmaq üçün yeddi gün gözləsin, geyimini yusun, bədənini axar su ilə yusun, sonra pak sayılsın.  14Səkkizinci gün iki qumru quşu ya iki göyərçin götürüb Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gəlsin və bunları kahinə versin.  15Kahin quşların birini günah qurbanı, o birini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin o şəxs üçün axıntısına görə Rəbbin önündə kəffarə etsin.

Cinsi axıntı

16Toxumu tökülən hər kişi bütün bədənini su ilə yusun, sonra axşama qədər murdar sayılsın.  17Üstünə toxum tökülüb bulaşan hər geyim ya da dəri əşya yuyulsun, sonra axşama qədər murdar sayılsın.  18Kişi qadınla yaxınlıq edəndə toxumu tökülsə, hər ikisi su ilə yuyunsun. Sonra onlar axşama qədər murdar sayılsın.

Qadınların qanaxması

19Aybaşı vaxtı qanaxması olan hər qadın yeddi gün murdar sayılsın, ona toxunan hər kəs isə axşama qədər murdar sayılsın.  20Aybaşı müddəti qadın nəyin üzərində uzanıb və yaxud otursa, hər şey murdar sayılsın.  21O qadının yatağına toxunan hər kəs öz geyimlərini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın.  22O qadının oturduğu hər şeyə toxunan hər kəs də geyimlərini yusun, su ilə yuyunsun, sonra axşama qədər murdar sayılsın.  23Əgər bir adam o qadının yatağına ya üstündə oturduğu şeyə toxunsa, o adam axşama qədər murdar sayılsın.  24Əgər kişi qadınla yaxınlıq edən zaman qadın aybaşı görsə və kişi onunla bulaşsa, kişi də yeddi gün murdar sayılsın; kişinin yatdığı hər yataq da murdar sayılsın.  25Bir qadının aybaşı vaxtından kənar ya da sonra neçə gün davam edən qanaxması olarsa, bütün bu axıntı müddəti aybaşı murdarlığı dövründəki kimi murdar sayılsın.  26Bütün axıntı vaxtı aybaşı murdarlığı vaxtı kimi üstündə yatdığı yataq və oturduğu hər şey murdar sayılsın.  27Onlara toxunan hər kəs də murdar sayılsın. Qoy o, geyimini yusun, su ilə yuyunsun və axşama qədər murdar sayılsın.  28Əgər axıntısı kəsilsə, o qadın yeddi gün gözləsin, sonra pak sayılsın.  29Səkkizinci gün həmin o qadın iki qumru quşu yaxud iki göyərçin götürüb Hüzur çadırının girişinə, kahinin yanına gətirsin.  30Kahin quşların birini günah qurbanı, o birisini isə yandırma qurbanı kimi təqdim etsin. Bunlarla kahin bu qadın üçün axıntısının murdarlığını Rəbbin önündə kəffarə etsin.  31Beləcə İsrail övladlarını öz murdarlığından ayırın ki, aralarında olan Mənim məskənimi murdarlığı ilə murdar edib ölməsinlər”».  32Bu təlimat xəstəliyə görə bədən axıntısı olan adamlar üçün, toxumu tökülməklə murdarlanan hər kişi üçün,  33aybaşı olub murdarlanan hər qadın üçün, axıntı növünə görə olan hər kişi və hər qadın üçün, murdar qadınla yaxınlıq edən hər kişi üçündür.


Levililər 16

Kəffarə günü

1Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi:  2«Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram.  3 Buna görə Harun Müqəddəs yerə yalnız belə girə bilər: günah qurbanı üçün bir buğa və yandırma qurbanı üçün bir qoç götürsün;  4müqəddəs kətan xirqə geysin, əynində kətan alt paltarı da olsun, belinə kətan qurşaq bağlasın, başına çalma qoysun. Bunlar müqəddəs geyimlərdir. Qoy Harun əvvəl bədənini su ilə yusun, sonra onları geysin.  5İsrail övladlarının icmasından günah qurbanı iki təkə və yandırma qurbanı üçün bir qoç götürsün.  6Harun özü üçün günah qurbanı olan buğanı təqdim etsin. Bununla həm özü, həm də ailəsi üçün günahını kəffarə etsin.  7Sonra Harun iki təkəni götürüb Rəbbin önündə Hüzur çadırının girişində saxlasın.  8Harun bu təkələrdən birini Rəbb üçün, o birisini Azazel üçün püşklə seçsin.  9Sonra Harun püşklə Rəbbə məxsus olan təkəni günah qurbanı olaraq təqdim etsin.  10Püşklə Azazel olmaq üçün seçilən təkəni isə Rəbbin önündə diri saxlasın ki, onu sonra Azazel olaraq çölə göndərib onunla kəffarə etsin.  11Harun özü ilə ailəsi üçün kəffarə edən günah qurbanını – buğanı kəssin.  12Rəbbin hüzurundan, qurbangahdan gətirilən közərmiş kömürlə dolmuş bir buxurdan götürüb, iki ovuc dolu narın əzilən xoş ətirli buxurla pərdənin iç tərəfinə keçsin.  13Rəbbin hüzurunda buxuru oda qoysun. Beləcə buxur tüstüsü bulud ilə Şəhadət sandığının üzərində olan kəffarə qapağını örtsün ki, özü ölməsin.  14Buğanın qanından götürüb barmağı ilə qapağın ön tərəfinə – qapağın qarşısına da yeddi dəfə çiləsin.  15 Sonra xalq üçün günah qurbanı olan təkəni kəssin və onun qanını pərdənin iç tərəfinə gətirib qanını buğanın qanı kimi kəffarə qapağının ön tərəfinə və qarşısına çiləsin.  16Bununla Harun İsrail övladlarının murdarlığına, qanunsuzluğuna və bütün günahlarına görə Müqəddəs yer üçün kəffarə etsin; murdar xalqın arasında yerləşdiyinə görə Hüzur çadırı üçün belə etsin.  17Müqəddəs yerdə kəffarə etməyə girəndən çıxana qədər Hüzur çadırında da heç kim olmasın. Harun özü, ailəsi və bütün İsrail camaatı üçün kəffarə edib  18çıxsın, sonra Rəbbin önündə olan qurbangaha gedib onun üçün kəffarə etsin; buğanın və təkənin qanından götürüb qurbangahın buynuzlarının ətrafına çəksin.  19Harun qurbangahın üstünə barmağı ilə yeddi dəfə qan çiləsin. Beləcə onu İsrail övladlarının murdarlığından pak edib təqdis edin.  20Qoy Harun Müqəddəs yeri, Hüzur çadırını, qurbangahı kəffarə edib qurtarandan sonra sağ qalan təkəni gətirsin  21və iki əlini o təkənin başına qoyub İsraillilərin bütün qanunsuzluğundan və günahlarından ötrü qazandığı cəzanın hamısını onun üzərində etiraf etsin və təkənin başına ötürsün. Sonra bu iş üçün təyin olunan bir adamın vasitəsilə çöldə yola salınsın.  22Təkə onların bütün cəzasını öz üzərində ayaq dəyməmiş torpağa aparsın. O adam təkəni çöldə yola salsın.  23 Harun Hüzur çadırına girsin və Müqəddəs yerə girən zaman geymiş olduğu kətan geyimi çıxarıb orada qoysun.  24Müqəddəs bir yerdə bədənini su ilə yusun və öz geyimini geysin. Oradan çıxıb öz yandırma qurbanını və xalqın yandırma qurbanını təqdim etsin.  25Günah qurbanının piyini də qurbangahda tüstülədib yandırsın.  26Azazel olan təkəni yola salan adam da geyimini və bədənini su ilə yusun, sonra düşərgəyə girsin.  27 Müqəddəs yerdə kəffarə etmək üçün qanı oraya gətirilən günah qurbanı olan buğa ilə təkənin dəri, ət və bağırsaqları düşərgənin kənarına aparılıb yandırılsın.  28Onları yandıran adam geyimini, bədənini su ilə yusun, ondan sonra düşərgəyə girsin.  29 Bu sizin üçün əbədi bir qayda olsun. Yeddinci ayın onuncu günündə özünüzü hər şeydən məhrum edib heç bir iş görməyin; həm yerliləriniz, həm də aranızda yaşayan yadellilər belə etsin.  30Çünki o gün sizin üçün kəffarə olunacaq ki, siz pak olasınız və Rəbbin hüzurunda bütün günahlarınızdan təmizlənəcəksiniz.  31O gün sizin üçün Şənbə gününə bənzər istirahət günüdür. Özünüzü hər şeydən məhrum edin. Bu, əbədi qayda olsun.  32Atasının yerinə kahinlik etmək üçün məsh edilmiş vəzifəli baş kahin belə kəffarə etsin: o, müqəddəs kətan geyimlərini geyib  33Ən Müqəddəs yer, Hüzur çadırı, qurbangah üçün kəffarə etsin; kahinlər və camaatın hər biri üçün də kəffarə etsin.  34İldə bir dəfə İsrail övladlarının bütün günahlarının kəffarə edilməsi üçün bu sizə əbədi qayda olsun». Rəbbin Musaya əmr etdiyi kimi oldu.


Levililər 17

Həyat verən qandır

1Rəbb Musaya belə dedi:  2«Harunla oğullarına və bütün İsrail övladlarına söylə: “Rəbbin əmri budur:  3İsraillilərdən düşərgədə yaxud onun kənarında mal-qara, qoyun ya da keçi kəsən  4onu Rəbbin məskəninə, Onun önünə qurban kimi təqdim edərək Hüzur çadırının girişinə gətirməyən hər kəs qan tökməkdə müqəssir sayılsın. Belə adam xalqı arasından qovulsun.  5Belə ki İsrail övladları qurbanlarını çöldə kəsmək əvəzinə onları Rəbbin hüzuruna, Hüzur çadırının girişinə, kahinin yanına gətirsinlər və Rəbbə ünsiyyət qurbanları olaraq kəssinlər.  6Kahin belə qurbanın qanını Hüzur çadırı girişinin yanındakı Rəbbin qurbangahına səpsin, piyini isə Rəbbin xoşuna gələn ətir kimi tüstülədib yandırsın.  7 İsrail övladları bir daha Rəbbə xəyanət edib heç vaxt təkə görkəmində bütlərə qurban kəsməsinlər. Bu, nəsildən-nəslə onlar üçün əbədi qayda olsun”.  8Bir də ki onlara de: “İsrail övladlarından yaxud aralarında yaşayan yadellilərdən kim yandırma qurbanını və ya ünsiyyət qurbanını kəsəndə  9Rəbbin hüzuruna təqdim edərək Hüzur çadırının girişinə qurban gətirməyən hər adam xalqı arasından qovulsun.  10 İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən bir az da olsa, qan yeyən hər kəsdən Mən üz döndərib xalqı arasından qovacağam,  11 çünki hər məxluqa həyat verən qandır. Mən onu həyatınızın kəffarəsi üçün qurbangahda təqdim olunmağa təyin etmişəm; çünki həyat verdiyinə görə kəffarə edən qandır.  12Buna görə də Mən İsrail övladlarına demişəm: ‹Sizdən heç bir kəs, aranızda yaşayan yadelli də qan yeməsin›.  13İsrail övladlarından ya da aralarında yaşayan yadellilərdən yeyilə bilən heyvan yaxud quş ovlayan insan onun qanını yerə axıdıb torpaqla örtsün.  14Çünki hər məxluqa həyat verən onun qanıdır. Buna görə Mən İsrail övladlarına ‹heç bir məxluqun qanını yeməyin› demişəm. Çünki hər məxluqa həyat verən onun qanıdır. Onu yeyən hər kəs xalqının arasından qovulsun.  15Yerli olsun, yadelli olsun, təbii yolla ölən, parçalanıb ölən heyvanı yeyən adam qoy geyimini yusun, su ilə yuyunsun və axşamadək murdar, sonra pak sayılsın.  16Əgər belə adam geyimini və bədənini yumasa, cəzasını çəkəcək”».


Levililər 18

Qadağan olunmuş cinsi münasibətlər

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına belə de: “Allahınız Rəbb Mənəm.  3Nə əvvəl yaşadığınız Misir torpağının ənənələrinə əməl edin, nə də sizi aparacağım Kənan torpağına girəndən sonra adət-ənənələrinə əməl edib uymayın;  4Mənim hökmlərimə əməl edib qanunlarıma riayət edin, onlara uyğun yaşayın. Allahınız Rəbb Mənəm.  5 Qaydalarıma və hökmlərimə səylə əməl edin; onları yerinə yetirən adam bunların sayəsində yaşayacaq. Rəbb Mənəm.  6Qoy heç kəs öz yaxın qohumları ilə cinsi əlaqədə olmaq üçün onlara yaxınlaşmasın. Rəbb Mənəm.  7Atanla cinsi əlaqədə olma, ananla da cinsi əlaqədə olma; o sənin anandır, onunla cinsi əlaqədə olma.  8 Atanın arvadı ilə cinsi əlaqədə olma, çünki o sənin atanın namusudur.  9 Atabir yaxud anabir bacınla, səninlə bir evdə yaxud başqa yerdə böyümüş bacınla cinsi əlaqədə olma.  10Öz oğlunun qızı yaxud qızının qızı ilə cinsi əlaqədə olma, çünki onların namusu sənin namusundur.  11Atanın başqa arvadından doğulan qızı ilə cinsi əlaqədə olma; o sənin bacındır.  12 Bibinlə cinsi əlaqədə olma, çünki o, atanın yaxın qohumudur.  13Xalanla cinsi əlaqədə olma, çünki o, ananın yaxın qohumudur.  14Əminin namusunu tapdalama, onun arvadı ilə yaxınlıq etmə, çünki o sənin əmiarvadındır.  15 Oğlunun arvadı ilə cinsi əlaqədə olma. Oğlunun arvadı olduğu üçün onunla cinsi əlaqədə olma.  16 Qardaşının arvadı ilə cinsi əlaqədə olma, çünki bu, qardaşının namusudur.  17 Bir qadının həm özü, həm də qızı ilə cinsi əlaqədə olma. O qadının oğul ya da qız nəvəsi ilə cinsi əlaqədə olmaq üçün onları alma, çünki onlar sənin yaxın qohumların olduğu üçün bu, əxlaqsızlıqdır.  18Arvadın sağ ikən onun bacısını günü olaraq alma və onunla cinsi əlaqədə olma.  19 Aybaşı murdarlığı zamanı qadınla cinsi əlaqədə olmaq üçün onunla yaxınlıq etmə.  20 Başqasının arvadı ilə yaxınlıq edib özünü murdarlama.  21 Övladlarının heç birini Molekə qurban olaraq təqdim etmə. Beləliklə, Allahının adını ləkələmə. Rəbb Mənəm.  22 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi ilə yaxınlıq etməsin, bu, iyrəncdir.  23 Nə kişi, nə də qadın heç bir heyvanla cinsi əlaqəyə girib özünü murdarlamasın. Bu, rəzillikdir.  24Bu şeylərin heç biri ilə özünüzü murdar etməyin, çünki önünüzdən qovacağım millətlər bunların hamısı ilə murdarlanıb,  25torpaqlarını da murdarlayıblar. Buna görə də Mən o torpağı cəzalandırıb sakinlərini oradan rədd edirəm.  26İstər yerli, istər aranızda yaşayan yadelli – hamınız qaydalarıma və hökmlərimə riayət edərək iyrənc işlərin heç birinə əməl etməyin.  27Önünüzdəki ölkənin sakinləri bütün bu iyrənc işləri edərək torpağı murdarlayıblar.  28Əgər siz də bu torpağı murdarlasanız, torpaq sizdən əvvəlki milləti ağzından qaytardığı kimi sizi də ağzından qaytaracaq.  29Buna görə də bu iyrənc işlərin hər hansı birinə əməl edən hər kəs xalqının arasından qovulsun.  30Beləliklə, önünüzdə edilən iyrənc adətlərinə əməl edib onlarla özünüzü murdar etməmək üçün Mənim buyruğuma riayət edin. Allahınız Rəbb Mənəm”».


Levililər 19

Müqəddəslik və ədalət

1Rəbb Musaya dedi:  2 «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm.  3 Sizdən hər kəs atasına və anasına hörmət etsin və Mənim Şənbə günlərimə riayət etsin. Allahınız Rəbb Mənəm.  4 Bütlərə tərəf dönməyin və özünüzə tökmə allahlar düzəltməyin. Allahınız Rəbb Mənəm.  5Rəbbə ünsiyyət qurbanları gətirəndə elə gətirin ki, qurbanınız qəbul edilsin.  6Qurbanınız kəsilən gün yaxud ertəsi gün yeyilsin, üçüncü günə qalan hissəsi yandırılsın.  7Əgər ondan üçüncü gün yeyilsə, o qurban qəbul olunmaz, iyrənc sayılar.  8O qurbanı yeyən adam Rəbbin müqəddəs yeməyini murdar etdiyinə görə cəzasını çəkər. Qoy o, xalqı arasından qovulsun.  9 Torpağınızda məhsul biçəndə tarlanın qıraq-bucaqlarını biçməyin və biçindən düşən başaqları yığmayın.  10Üzüm bağında da tənəkləri büsbütün təmizləyib yerə düşən salxımları yığmayın. Qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm.  11 Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.  12 Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm.  13 Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama.  14 Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm.  15 Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin.  16Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm.  17 Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən.  18 Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.  19 Mənim qaydalarıma riayət edin. Başqa növlərdən olan heyvanları cütləşdirməyin. Tarlanızda iki növ toxum əkməyin. Əyninizə iki növ sapdan toxunmuş paltar geyməyin.  20Bir kişi başqa kişinin nişanlı, hələ qiyməti ödənməmiş, azad olunmamış qarabaşı ilə yaxınlıq edərsə, ona cəza verilsin. Amma onlar öldürülməsinlər, çünki qarabaş azad deyil,  21o kişi isə Rəbbin önünə – Hüzur çadırının girişinə təqsir qurbanı kimi bir qoç gətirsin.  22Kahin o kişi üçün işlətdiyi günahını təqsir qurbanı olan qoçla Rəbbin önündə kəffarə etsin ki, bu günahı bağışlansın.  23Kənan torpağına girib yemək üçün hər hansı bir meyvə ağacını əksəniz, meyvəsi sizin üçün üç il haramdır, onu yeməyin.  24Dördüncü ildə onun bütün meyvəsi şükür təqdimi kimi Rəbb üçün müqəddəs sayılsın.  25Beşinci ildə isə o ağacın meyvəsini yeyə bilərsiniz. Bunu edin ki, məhsul xeyriniz üçün artsın. Allahınız Rəbb Mənəm.  26 Heç bir əti qanlı-qanlı yeməyin. Baxıcılıq etməyin və gələcəyi deməyin.  27 Gicgahlarınızı qırxmayın, saqqallarınızın kənarlarını kəsməyin.  28Ölülərə görə bədəninizə yara vurmayın, bədəninizə heç bir şəkil döydürməyin. Allahınız Rəbb Mənəm.  29 Qoy heç kim qızını fahişəlik edib ləkələnməyə qoymasın. Qoy fahişəlik ölkəyə yayılmasın ki, ölkə əxlaqsızlıqla dolub daşmasın.  30 Şənbə istirahət günlərimə riayət edin və Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.  31 Cindarlara və ruh çağıranlara tərəf dönməyin, onlarla danışmayın, yoxsa murdarlanarsınız. Allahınız Rəbb Mənəm.  32Yaşlıların qarşısında ayağa durun, ağsaqqallara hörmət eləyin. Allahınızdan qorxun. Rəbb Mənəm.  33 Sizinlə ölkənizdə yaşayan heç bir qəribə haqsızlıq etməyin.  34Hamınız onu öz adamınız, yerliniz kimi qəbul edin, hər kəs onu özünü sevən kimi sevsin. Çünki siz özünüz də Misir ölkəsində qərib idiniz. Allahınız Rəbb Mənəm.  35 Məhkəmədə, ölçüdə, çəkidə və miqdarda haqsızlıq etməyin.  36Qoy tərəziniz, çəki daşınız, taxıl və maye ölçüsü üçün işlənən qablarınız düzgün olsun. Sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.  37Bütün Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin. Rəbb Mənəm”».


Levililər 20

İtaətsizliyə görə cəza

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına de: “İsraillilərdən və İsraildə yaşayan yadellilərdən övladını Molekə təqdim edən hər kəs öldürülməlidir. Qoy ölkə xalqı onu daşqalaq etsin.  3Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir.  4Əgər ölkə xalqı o adamın övladını Molekə təqdim etdiyini görüb göz yumaraq onu öldürməsə,  5Mən Özüm həmin adamdan və ailəsindən üz döndərib onu və onunla birgə Moleklə Mənə xəyanət edən hər kəsi xalqın arasından qovacağam.  6Mənə xəyanət edərək cindarlara və ruh çağıranlara tərəf dönən hər kəsdən üz döndərib xalqın arasından qovacağam.  7Buna görə də özünüzü təqdis edin və müqəddəs olun, çünki Allahınız Rəbb Mənəm.  8Qaydalarıma səylə əməl edin, çünki sizi təqdis edən Rəbb Mənəm.  9 Atasına yaxud anasına lənət edən hər kəs öldürülməlidir. O adam öz atasına yaxud anasına lənət etdiyi üçün qanının tökülməyinə özü baisdir.  10 Başqa kişinin arvadı ilə zina edənlərə aid: qonşusunun arvadı ilə zina edən kişi zinakar qadınla birlikdə öldürülməlidir.  11 Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir.  12 Gəlini ilə yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir.  13 Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir.  14 Qadınla bərabər anasını arvad alan kişi əxlaqsızlıq edər; aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da yandırılsın.  15 Heyvanla cinsi əlaqəyə girən kişi öldürülməlidir; heyvan isə kəsilməlidir.  16Hər hansı bir heyvanla cinsi əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə özləri baisdir.  17 Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi əlaqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi cəzasını çəkər.  18 Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib onunla cinsi əlaqədə olarsa, qadının qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalqı arasından qovulsun.  19 Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq edənlər cəzasını çəkərlər.  20Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış olur; ikisi də günahının cəzasını çəkərək övladları olmadan öləcəklər.  21 Qardaşı arvadını alan kişi qardaşının namusunu tapdalayaraq murdar iş görür; onlar sonsuz qalacaqlar.  22Siz Mənim qaydalarıma və hökmlərimə səylə əməl edin ki, yaşamaq üçün aparacağım torpaq sizi rədd etməsin.  23Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər.  24Mən sizə dedim ki, onların torpağına siz sahib olacaqsınız; Mən o süd və bal axan torpağı sizə irs olaraq verəcəyəm. Sizi digər xalqlardan ayıran Allahınız Rəbb Mənəm.  25Beləliklə, siz pak və murdar heyvan və quşları bir-birindən ayırd edin. Sizin üçün ayırd etdiyim murdar sayılan heyvanlar yaxud quşlar ya da yerdə sürünən məxluqlarla özünüzü iyrənc etməyin.  26Siz Mənim üçün müqəddəs olun, çünki Mən Rəbb müqəddəsəm. Mən sizi digər xalqlardan ayırdım ki, siz Mənim xalqım olasınız.  27Cindar yaxud ruh çağıran kişilər və ya qadınlar öldürülməlidir, onlar daşqalaq olmalıdır. Bunlar qanlarının tökülməyinə özləri baisdir”».

Levililər 21-27

Levililər 21


Kahinlərə aid qanunlar


1Rəbb Musaya dedi: «Harun nəslindən olan kahinlərə bəyan edib belə de: “Qoy kahinlər öz xalqı arasından olan hər hansı bir meyitə görə özlərini murdar etməsin;  2ancaq kahinin yaxın qohumu – anası, atası, oğlu, qızı, qardaşı  3 yaxud da yanında yaşayan subay bacısı ölsə, kahin o ölüyə görə özünü murdar etməsin.  4Qoy o, xalq arasında başçı olduğuna görə özünü murdar edib ləkələməsin.  5 Qoy kahinlər yas tutaraq başının heç bir hissəsini qırxmasın, saqqalının kənarını kəsməsin, bədənlərinə də yara vurmasınlar,  6özlərinin Allahı üçün müqəddəs olsunlar və Onun adını ləkələməsinlər, çünki onlar özlərinin Allahına pay, Rəbb üçün yandırma təqdimi gətirirlər. Buna görə də müqəddəs olsunlar.  7Kahin fahişəni yaxud ləkələnmiş və ya ərindən boşanmış qadını da arvad almasın, çünki kahin Allahı üçün müqəddəsdir.  8Onu müqəddəs say, çünki Allahına gətirilən payı təqdim edən odur; o sənin üçün müqəddəs olsun, çünki Mən – sizi təqdis edən Rəbb müqəddəsəm.  9Fahişəliklə ləkələnən kahin qızı atasını da ləkələdiyinə görə yandırılsın.  10Qohumları üzərində olan başında məsh yağı ilə məsh olunan və müqəddəs geyimləri geyən vəzifəli baş kahin yas tutaraq nə saçını dağıtsın, nə də əynindəki geyimini cırsın.  11Bu kahin heç bir meyitə, hətta ölən ata-anasına yaxınlaşıb özünü murdar etməsin.  12O, Müqəddəs məkanı tərk etməsin və Allahın Müqəddəs məkanını ləkələməsin, çünki Allahın nişanəsi olan məsh yağı üzərindədir. Rəbb Mənəm.  13Bu kahin bakirə qız alsın;  14 dul, boşanmış yaxud fahişəliklə ləkələnmiş qadın yox, yalnız öz xalqından olan bakirə qız alsın ki,  15onun övladları xalqı arasında ləkəli olmasın. Onu təqdis edən Rəbb Mənəm”».  16Rəbb Musaya dedi:  17«Haruna belə söylə: “Nəsildən-nəslə övladlarından qüsuru olan adam Allahına pay təqdim etmək üçün yaxınlaşmasın.  18Bunlardan heç biri bu xidmətə yaxınlaşmasın: nə kor, nə axsaq, nə eybəcər, nə əlil,  19nə əl-ayağından şikəst,  20nə qozbel, nə cırtdanboy, nə gözündə titə olan, nə xoralı yaxud dəmrovlu, nə axtalanmış adam,  21yəni kahin Harunun nəslindən bədənində hər hansı bir qüsuru olan şəxs Rəbb üçün yandırma təqdimi verməyə yaxınlaşmasın. Onun bədənində qüsur var. Buna görə də o, Allahına pay gətirmək üçün yaxınlaşmasın.  22Belə adam Allahına gətirilən paydan – həm ən müqəddəs yeməkdən, həm də müqəddəs yeməkdən yeyə bilər.  23Lakin o, bədənində qüsuru olduğuna görə nə müqəddəs pərdəyə, nə də qurbangaha yaxınlaşmasın ki, Müqəddəs məkanlarımı ləkələməsin, çünki onları təqdis edən Rəbb Mənəm”».  24Musa Harunla oğullarına və bütün İsrail övladlarına belə dedi.


Levililər 22

Təqdimlərin və qurbanların müqəddəsliyi

1Rəbb Musaya dedi:  2«Harunla oğullarına söylə ki, İsrail övladlarının Mənim üçün təqdis etdikləri müqəddəs şeylərlə ehtiyatlı olsunlar və müqəddəs adımı ləkələməsinlər. Rəbb Mənəm.  3Onlara de: “Nəsildən-nəslə İsrail övladlarının Rəbb üçün təqdis etdikləri müqəddəs şeylərə murdar halda yaxınlaşan hər hansı bir övladınız Mənim hüzurumdan qovulsun. Rəbb Mənəm.  4Harun nəslindən iyrənc dəri xəstəliyi yaxud xəstəliyə görə bədən axıntısı olan heç kəs pak olana qədər müqəddəs yeməkdən yeməsin. Meyitə görə murdar olan şeyə toxunan hər kəs, toxumu tökülən hər kəs,  5onu murdarlayan qaynaşan heyvana və yaxud hər cür murdarlığı olan insana toxunan hər kəs də –  6belə şeylərə toxunan hər adam axşamadək bədənini yumayınca murdar sayılsın və müqəddəs yeməkdən yeməsin.  7Günəş batanda isə o adam pak sayılsın, sonra müqəddəs yeməkdən yesin, çünki bu onun xörəyidir.  8Murdarlanmamaq üçün kahin nə təbii yolla ölən, nə də parçalanıb ölən heyvanın ətini yesin. Rəbb Mənəm.  9Mənim buyruğuma riayət etsinlər ki, onu ləkələdikləri üçün günahının cəzasını çəkərək ölməsinlər. Onları təqdis edən Rəbb Mənəm.  10Heç bir kənar şəxs: nə kahinin qonağı, nə də onun muzdlu işçisi müqəddəs yeməkdən yeməsin.  11Lakin kahinin satın aldığı ya da evində doğulan qul o yeməkdən yeyə bilər.  12Kənar adama ərə gedən kahin qızı müqəddəs təqdim yeməyindən yeməsin.  13Amma dul qalmış və ya boşanmış, sonsuz qalaraq atasının evinə qayıdıb ailə üzvü kimi yaşayan kahin qızı atasının yeməyindən yeyə bilər. Lakin heç bir kənar şəxs ondan yeyə bilməz.  14Bilmədən müqəddəs yeməkdən yeyən adam beşdə birini əlavə edərək əvəzini kahinə qaytarsın.  15Qoy kahinlər İsrail övladlarının Rəbbə təqdim etdikləri müqəddəs yeməyi ləkələməsinlər.  16Onlara bu müqəddəs yeməyi verib bunun təqsirini və cəzasını boyunlarına qoymasınlar; çünki onları təqdis edən Rəbb Mənəm”».  17Rəbb Musaya dedi:  18«Harunla oğullarına və bütün İsraillilərə belə de: “İsrail övladlarından yaxud İsraildə yaşayan yadellilərdən kimsənin yandırma qurbanı olaraq Rəbbə təqdim etdiyi hər əhdə görə təqdim və hər könüllü təqdim  19sizdən qəbul olunsun deyə ya mal-qaradan ya da qoyun-keçidən qüsursuz erkək olsun.  20 Qüsurlu heyvanı gətirmək olmaz, çünki belə qurban sizdən qəbul olunmaz.  21Kimsə Rəbbə əhdini ödəmək üçün yaxud könüllü təqdim olaraq mal-qaradan ya da qoyun-keçidən ünsiyyət qurbanı təqdim edərsə, heyvan qəbul olunsun deyə qüsursuz olsun; onun bədənində heç bir qüsur olmasın.  22Rəbbə kor, yaralı, şikəst, qaysaqlı, xoralı, dəmrovlu heyvanları təqdim etməyin, Rəbb üçün yandırma təqdimi vermək üçün onları qurbangaha gətirməyin.  23Mal-qaradan yaxud qoyun-keçidən çolaq yaxud qısaqıç heyvanı könüllü təqdim etmək olar, lakin əhdini ödəmək üçün o qəbul olunmaz.  24Xayası zədələnmiş, əzilmiş, burulmuş ya da kəsilmiş heyvanı Rəbbə qurban gətirməyin, ölkənizdə buna yol verməyin.  25Belə bir heyvanı yadellidən götürüb pay olaraq Allahınıza təqdim etməyin, çünki bu heyvan xarab və qüsurlu sayılaraq sizdən qəbul olunmaz”».  26Rəbb Musaya dedi:  27«Buzov, quzu ya da oğlaq doğularsa, yeddi gün anasının yanında qalsın. Səkkizinci gündən etibarən Rəbb üçün yandırma təqdimi kimi qəbul oluna bilər.  28Nə inək, nə qoyun, nə də keçi ilə balasını eyni gündə birlikdə kəsməyin.  29Rəbbə təşəkkür qurbanı gətirəndə elə gətirin ki, o sizdən Rəbbə məqbul olsun.  30Qurbanın əti həmin gün yeyilsin, səhərə qədər saxlanılmasın. Rəbb Mənəm.  31Mənim əmrlərimə səylə əməl edin. Rəbb Mənəm.  32Mənim müqəddəs adımı ləkələməyin. Qoy İsrail övladları arasında müqəddəs tutulum. Sizi təqdis edən Rəbb Mənəm.  33Allahınız olmaq üçün sizi Misir torpağından çıxartdım. Rəbb Mənəm».


Levililər 23

Rəbbin bayramları

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:

Şənbə istirahət günü

3 Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.

Pasxa və Mayasız Çörək bayramları

(Çıx. 12:14-20; Say. 28:16-25; Qanun. 16:1-8)

4Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.  5 Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır.  6Həmin ayın on beşi Rəbbin Mayasız Çörək bayramıdır. Yeddi gün mayasız çörək yeyin.  7Birinci gün müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin.  8Bu yeddi gün ərzində Rəbb üçün yandırma təqdimi gətirin. Yeddinci gün isə müqəddəs toplantınız olsun; gündəlik işlərinizi görməyin”».

İlk dərzin həsr olunması bayramı

9Rəbb Musaya belə dedi:  10«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin.  11O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin.  12Dərzi yellətdiyiniz gün Rəbbə birillik qüsursuz erkək toğlu yandırma qurbanı kimi kəsin.  13Toğlu ilə birlikdə taxıl təqdimi olaraq zeytun yağı ilə yoğrulmuş bir efanın onda ikisi olan miqdarda narın un gətirin. Bu, Rəbb üçün yandırma təqdimi – Onun xoşuna gələn ətirdir. İçmə təqdimi olaraq da bir hin şərabın dörddə birini gətirin.  14Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.

Biçin bayramı

(Say. 28:26-31; Qanun. 16:9-12)

15 Şənbənin ertəsi günü olan yellədilən dərzi gətirdiyiniz gündən tam yeddi həftə,  16yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin.  17Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin.  18Çörəklə birgə birillik yeddi qüsursuz toğlu, bir buğa və iki qoç təqdim edin. Bunlar taxıl təqdimləri və içmə təqdimləri ilə birlikdə Rəbb üçün yandırma qurbanıdır, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.  19Günah qurbanı üçün bir təkə, ünsiyyət qurbanı üçün isə iki birillik toğlu gətirin.  20Kahin bu iki toğlunu nübar çörəyi ilə birgə Rəbbin hüzurunda yellədərək təqdim etsin. Bunlar kahinin Rəbb üçün müqəddəs payı olsun.  21Həmin gün özünüz üçün müqəddəs toplantı elan edin və heç bir gündəlik iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.  22 Torpağınızda məhsul biçəndə tarlanın qıraqlarını biçməyin və biçindən düşən başaqları yığmayın. Qoy qalan məhsul kasıblara və qəriblərə qalsın. Allahınız Rəbb Mənəm”».

Şeypur çalınma günü

(Say. 29:1-6)

23Rəbb Musaya dedi:  24«İsrail övladlarına belə de: “Yeddinci ayın birinci günü sizin üçün istirahət günü, şeypur çalınma ilə qeyd olunan gün, müqəddəs toplantı günü olsun.  25O gün heç bir gündəlik iş görməyin və Rəbb üçün yandırma təqdimi gətirin”».

Kəffarə günü

(Lev. 16:2-34; Say. 29:7-11)

26Rəbb Musaya dedi:  27 «İsrail övladlarına de: “Yeddinci ayın onu isə Kəffarə günüdür, müqəddəs toplantınız olsun; özünüzü hər şeydən məhrum edin və Rəbb üçün yandırma təqdimi gətirin.  28Həmin gün heç bir iş görməyin, çünki bu, Allahınız Rəbbin hüzurunda sizin üçün kəffarə edilən Kəffarə günüdür.  29Həmin o gün özünü hər şeydən məhrum etməyən adam xalqı arasından qovulsun.  30O gün hər hansı bir iş görən adamı Mən xalqı arasından yox edəcəyəm.  31Heç bir iş görməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.  32O gün sizin üçün Şənbə istirahət günü kimidir. Özünüzü hər şeydən məhrum edin. Ayın doqquzuncu günü axşamdan ertəsi günün axşamına qədər Şənbə günü kimi istirahət edin”».

Çardaqlar bayramı

(Say. 29:12-40; Qanun. 16:13-17)

33Rəbb Musaya dedi:  34 «İsrail övladlarına söylə: “Həmin yeddinci ayın on beşinci günündən Rəbb üçün yeddi gün Çardaqlar bayramını keçirin.  35Birinci gün müqəddəs toplantı günüdür. Gündəlik işlərinizi görməyin.  36Bu yeddi gün ərzində Rəbbə yandırma təqdimləri gətirin. Səkkizinci gün isə müqəddəs toplantınız olsun və Rəbbə yandırma təqdimləri gətirin. Bu gün təntənəli toplantı günüdür, gündəlik işlərinizi görməyin.  37Bunlar Rəbbin təyin etdiyi bayramlardır: bu zaman müqəddəs toplantı çağırıb hər birini öz günündə olmaqla yandırma təqdimlərini – yandırma qurbanlarını, taxıl təqdimlərini, ünsiyyət qurbanlarını və içmə təqdimlərini Rəbbə gətirin.  38Bunlar Rəbbin Şənbələrinə və Rəbbə verdiyiniz bütün ianələrə, bütün əhdlərin ödəmələrinə, bütün könüllü təqdimlərə əlavədir.  39 Üstəlik yeddinci ayın on beşinci günü torpağın məhsullarını yığandan sonra yeddi gün Rəbb üçün bayram keçirin. Birinci gün və səkkizinci gün istirahət günləri olsun.  40Birinci gün gözəl ağacların meyvələrini, xurma ağaclarının budaqlarını, sıx yarpaqlı ağacların və çay kənarında bitən qovaq ağaclarının budaqlarını toplayıb Allahınız Rəbbin hüzurunda yeddi gün şənlik edin.  41Hər il Rəbb üçün bu bayramı yeddi gün keçirin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qaydadır; bu bayramı yeddinci ayda qeyd edin.  42Yeddi gün çardaqlarda qalın; bütün yerli İsraillilər çardaqlarda yaşasın.  43Beləliklə, sizin nəsilləriniz bilsin ki, Mən İsrail övladlarını Misir torpağından çıxarandan sonra onları çardaqlarda yerləşdirdim. Allahınız Rəbb Mənəm”».  44Beləcə Musa İsrail övladlarına Rəbbin təyin etdiyi bayramlar barəsində nəql etdi.


Levililər 24

Rəbbin hüzurunda yanan çıraq

(Çıx. 27:20-21)

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima  3Hüzur çadırında, şəhadət pərdəsinin bayır tərəfində yansın. Harun onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsin. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun.  4Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş çıraqdandakı çıraqlara daim nəzarət edilsin.

Təqdis çörəkləri

5 Narın un götürüb hər kökə bir efanın onda ikisi qədər miqdarda on iki kökə bişir.  6Onları Rəbbin hüzurunda xalis qızıldan düzəlmiş masaya, iki sıraya altı-altı qoy.  7Çörək sıralarının üstünə xalis kündür qoy. Çörəklərin üstündəki kündür Rəbb üçün yandırma təqdimi, çörək yerinə xatirə təqdimi olsun.  8Qoy bu çörəklər hər Şənbə günü daim Rəbbin hüzurunda düzülsün. Bu, İsrail övladları üçün əbədi əhddir.  9 Bu çörəklər Harunla övladlarının payıdır. Onlar bu çörəkləri müqəddəs bir yerdə yesinlər. Çünki bunlar Rəbb üçün verilən yandırma təqdimlərindən ən müqəddəs, Harun övladları üçün əbədi paydır».

Allaha küfr edənin sonu

10Bir gün anası İsrailli, atası Misirli olan bir adam İsrail övladlarının arasına çıxdı. O, düşərgədə bir İsrailli ilə savaşıb  11Allahın adına küfr və lənət etdi. O adamı Musanın yanına gətirdilər. Onun anası Dan qəbiləsindən Dibri qızı Şelomit idi.  12O adamı həbs edib Rəbbin qərarını gözlədilər.  13Rəbb Musaya belə dedi:  14«Lənət edəni düşərgədən kənara çıxar; qoy bu lənəti eşidənlər əllərini o adamın başına qoysunlar. Sonra qoy bütün icma onu daşqalaq etsin.  15İsrail övladlarına belə de: “Allahına lənət edən hər kəs öz günahının cəzasını çəkəcək;  16Rəbbin adına küfr edən hər kəs öldürülməlidir. Bütün icma onu daşqalaq etsin; istər yadelli, istər yerli olsun, Allahın adına küfr etdiyinə görə öldürülməlidir.  17 Başqa bir adamın canını alan hər kəs öldürülməlidir.  18Heyvanı öldürən isə can əvəzinə can olaraq zərəri ödəsin.  19Bir adam başqa adamı yaralayarsa, o nə cür edibsə, ona da belə edilsin:  20 sınıq əvəzinə sınıq, göz əvəzinə göz, diş əvəzinə diş; o adama nə cür yara vurubsa, ona da belə yara vurulsun.  21Heyvan öldürən zərərini ödəsin. Adam öldürən isə özü öldürülsün.  22 Sizdə istər qərib, istər yerli üçün ədalət bir olsun; çünki Allahınız Rəbb Mənəm”».  23Musa İsrail övladlarına bunu dedi. Lənət edəni düşərgədən kənara çıxarıb daşqalaq etdilər. Rəbbin Musaya əmr etdiyi kimi İsrail övladları buna əməl etdilər.


Levililər 25

Dinclik ili haqqında

(Qanun. 15:1-11)

1Rəbb Sina dağında Musaya belə söylədi:  2«İsrail övladlarına de: “Sizə verəcəyim torpağa daxil olanda bütün ölkədə Şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun.  3Altı il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ.  4Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda,  5biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun.  6Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin,  7ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq.

Azadlıq ili

8Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir.  9Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla  10əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın.  11Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın,  12çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin.  13Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın.  14Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin.  15Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın.  16İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır.  17Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Rəbbiniz Allah Mənəm.  18Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız.  19Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız.  20‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin:  21altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək.  22Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin.  23Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.  24Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın.  25Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər.  26Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatan geri satınalma məbləği tapsa,  27qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun.  28Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun.  29Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər.  30Amma əgər bütöv il tamamlananacan o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın. Bu, Azadlıq ilində qaytarılmaz.  31Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın.  32Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna malik olsunlar.  33Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir.  34Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür.  35 Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın.  36Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin.  37 Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver.  38Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.  39 Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə.  40Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin,  41sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın.  42Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar.  43O soydaşına sərt ağalıq etmə. Allahından qorx.  44Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri satın ala bilərsiniz.  45Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdə doğulmuş ailə üzvlərindən də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq.  46Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin.  47Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə yaxud onun ailə üzvünə özünü qul olaraq satarsa,  48satıldıqdan sonra onun geri satınalma hüququ var. Qardaşlarından biri onu geri satın ala bilər;  49əmisi ya da əmisi oğlu da onu geri satın ala bilər. Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri satın ala bilər.  50Qoy bu adam ağası ilə özünü satdığı ildən Azadlıq ilinə qədər muzdlu işçinin iş müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun.  51Əgər illərin sayı hələ də çoxdursa, o buna görə geri satınalınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin.  52Lakin əgər Azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satınalınmanın qiyməti olaraq az ödəsin.  53Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin.  54Əgər o adam bu yolla geri satın alınmamışdırsa, Azadlıq ilində uşaqları ilə birgə azad olsun.  55Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım qullarımdır. Allahınız Rəbb Mənəm.


Levililər 26

Allaha itaətin bərəkətləri

(Qanun. 7:12-24; 28:1-14)

1Özünüzə büt düzəltməyin; oyma büt yaxud sütun qoymayın, ölkənizdə yonulmuş daş qoyub səcdə etməyin; çünki Allahınız Rəbb Mənəm.  2Şənbə istirahət günlərimə riayət edin, Müqəddəs məkanıma ehtiramla yanaşın. Rəbb Mənəm.  3 Əgər qaydalarımla yaşayıb əmrlərimə səylə əməl etsəniz,  4sizə mövsümündə yağış göndərəcəyəm ki, torpaq öz məhsulunu, ağaclar isə meyvələrini versin.  5Sizin xırmanınız o qədər bol olacaq ki, onun döyülməsi üzüm yığımına qədər davam edəcək, üzümünüz o qədər bol olacaq ki, onun yığılması əkin vaxtına qədər davam edəcək. Çörəyinizi doyunca yeyib ölkənizdə arxayın yaşayacaqsınız.  6Ölkənizə sülh verəcəyəm; yatanda sizi vahiməyə salan olmayacaq. Yırtıcı heyvanları ölkədən qovacağam və müharibə üzü görməyəcəksiniz.  7Düşmənlərinizi qovacaqsınız, onlar döyüş zamanı qarşınızda həlak olacaqlar.  8Beşiniz yüz adamı, yüzünüz on min adamı qovacaq. Düşmənləriniz döyüş zamanı qarşınızda həlak olacaqlar.  9Mən üzümü sizə çevirəcəyəm, sizi artırıb çoxaldacağam, sizinlə olan Öz əhdimi yerinə yetirəcəyəm.  10Saxladığınız məhsul bütün il boyu sizə çatacaq. Yeni məhsula yer tapmaq üçün köhnəni boşaltmalı olacaqsınız.  11Üstəlik, Mən aranızda məskunlaşacağam və sizə nifrət etməyəcəyəm.  12 Mən həm də aranızda yaşayıb sizin Allahınız olacağam, siz isə Mənim xalqım olacaqsınız.  13Sizi Misir torpağından çıxardan və onların köləliyindən azad edən, boyunduruğunuzu qırıb başınızı uca edən Allahınız Rəbb Mənəm.

Allahdan uzaqlaşmanın cəzası

(Qanun. 28:15-68)

14Amma əgər Mənə qulaq asıb bütün bu əmrlərimə əməl etməsəniz,  15əvəzində qaydalarıma xor baxıb hökmlərimi qəlbinizdən rədd etsəniz, Mənim bütün əmrlərimə əməl etməyib, əhdimi pozsanız,  16Mən sizə bunu edəcəyəm: göz çıxaran və qəlbi sıxan fəlakət, vərəm, qızdırma göndərəcəyəm. Toxumlarınızı hədər yerə əkəcəksiniz; düşmənləriniz onlardan əmələ gələn məhsulu yeyəcək.  17Üzümü sizdən döndərəcəyəm, düşmənlərinizin qarşısında məğlub olacaqsınız, yağılarınız üzərinizdə hökm sürəcək; sizi qovan olmasa da, qaçacaqsınız.  18Əgər buna baxmayaraq yenə də Mənə qulaq asmasanız, o vaxt günahlarınıza görə sizi yeddi qat artıq tənbeh edəcəyəm.  19Öyündüyünüz güclü təkəbbürünüzü qıracağam. Başınız üzərində olan göyləri dəmir və ayağınız altındakı yeri tunc kimi edəcəyəm ki,  20qüvvətiniz tükənsin; nə torpağınız məhsul, nə də ağaclarınız meyvə verəcək.  21Əgər Mənə qarşı çıxıb sözlərimə hələ də qulaq asmaq istəməsəniz, Mən sizə günahlarınıza görə yeddiqat artıq bəla göndərəcəyəm.  22Üstünüzə vəhşi heyvanlar göndərəcəyəm. Onlar övladlarınızı öldürüb, ev heyvanlarınızı parçalayacaq. Buna görə sayınız elə azalacaq ki, yollarınız viran qalacaq.  23Əgər bunlardan ibrət dərsi almayıb Mənə qarşı çıxmaqda davam etsəniz,  24Mən də sizə qarşı çıxacağam və günahlarınıza görə yenə də yeddiqat artıq cəzalandıracağam.  25Əhdi pozduğunuza görə qisas almaq üçün üstünüzə müharibə göndərəcəyəm. Siz şəhərlərinizdə sığınanda aranıza vəba salacağam ki, düşmənin əlinə düşəsiniz.  26Çörəyinizin kökünü kəsəcəyəm. On qadın bir təndirdə çörək bişirəcək və onu sizə çəki ilə paylayacaq, siz isə yeyib doymayacaqsınız.  27Əgər siz bundan sonra da Mənə qulaq asmasanız və Mənə qarşı çıxsanız,  28bu dəfə Mən də sizə qarşı qəzəblə çıxıb günahlarınıza görə yeddiqat artıq tənbeh edəcəyəm.  29Oğul və qızlarınızın ətini yeməyə məcbur olacaqsınız.  30Səcdəgahlarınızı məhv edib, buxur qurbangahlarınızı yox edəcəyəm, bütlərinizi devirəcəyəm və meyitlərinizi o bütlərin üstünə sərəcəyəm. Sizi rədd edəcəyəm;  31şəhərlərinizi xaraba qoyacağam, Müqəddəs məkanlarınızı viranəliyə döndərib xoş ətirlərinizi qəbul etməyəcəyəm.  32Mən ölkənizi elə viran qoyacağam ki, oranı işğal edən düşmənləriniz baxıb dəhşətə gəlsinlər.  33Sizi isə millətlər arasına səpələyəcəyəm və arxanızca qılıncla düşəcəyəm. Torpağınız viranəliyə, şəhərləriniz xarabalığa dönəcək.  34O zaman ölkə viran qalacaq, siz isə düşmən torpağında yaşayacaqsınız. Bütün bu vaxt ərzində ölkə dinclik illərini qeyd edəcək. Yalnız o vaxt ölkə dinclik illərini qeyd edərək şadlanacaq.  35Orada yaşadığınız dinclik illərində görmədiyi dincliyi ölkə viran qalan bütün müddət görəcək.  36Düşmən ölkələrində sizdən sağ qalanların ürəklərinə elə cəsarətsizlik salacağam ki, onlar hətta küləkdən tərpənən yarpağın xışıltısından qorxub qaçacaqlar. Onları qovan olmasa da, müharibədən qaçan kimi qaçıb yıxılacaqlar;  37büdrəyib bir-birinin üstünə yıxılacaqlar, amma onları qovan olmayacaq; düşmənləriniz qarşısında durmağa qüvvətiniz olmayacaq.  38Millətlər arasında həlak olacaqsınız, düşmən torpağı sizi udacaq.  39Sizdən sağ qalanlarsa düşmən ölkələrində həm öz günahlarının cəzasını, həm də atalarının günahlarının cəzasını çəkib çürüyəcəklər.  40Amma özlərinin və atalarının günahlarını, Mənə xainlik etdiklərini və Mənə qarşı çıxdıqlarını etiraf etsələr,  41– buna görə Mən də onlara qarşı çıxıb düşmən torpağına aparmışam – daş ürəkləri yumşalıb günahlarının əvəzini ödəsələr,  42 o zaman Mən də Yaqubla, İshaqla və İbrahimlə bağladığım əhdimi və onlara vəd etdiyim ölkəni xatırlayacağam.  43Bu torpaq onlar tərəfindən tərk ediləcək, onlarsız boş qalıb Şənbə istirahəti edib şadlanacaq. Onlarsa öz cəzalarını çəkəcəklər, çünki Mənim hökmlərimi rədd edərək qaydalarıma nifrət etdilər.  44Bütün bunlara baxmayaraq, düşmən ölkəsində yaşadıqları zaman onlara xor baxıb rədd etməyəcəyəm. Beləcə Mən onları məhv edib bağladığım əhdimi pozmayacağam, çünki onların Allahı Rəbb Mənəm.  45Mən onların əcdadlarını başqa millətlərin qarşısında onların Allahı olmaq üçün Misir torpağından çıxaran vaxt bağladığım əhdimi xatırlayacağam; Rəbb Mənəm”».  46Bunlar Rəbbin Özü ilə İsrail övladları arasında Sina dağında Musa vasitəsilə verdiyi qaydalar, hökmlər və qanunlardır.


Levililər 27

Rəbbə təqdimlərin gətirilməsi

1Rəbb Musaya dedi:  2«İsrail övladlarına söylə: “İnsanları Rəbbə həsr edən adam əhdini bu dəyərlərinə görə ödəyə bilər:  3Müqəddəs yerdəki şekelin ölçüsünə görə iyirmi yaşından altmış yaşına qədər kişinin dəyəri əlli şekel gümüş,  4qadının dəyəri otuz şekeldir;  5beş yaşından iyirmi yaşına qədər oğlanın dəyəri iyirmi şekel, qızın isə on şekeldir;  6bir aydan beş yaşa qədər olan oğlanın dəyəri beş şekel gümüş, qızın dəyəri isə üç şekel gümüşdür;  7altmış yaşından yuxarı olan kişinin dəyəri on beş şekel, qadının isə on şekeldir;  8əgər əhdinə əməl edən adam belə dəyəri ödəmək üçün çox kasıbdırsa, qoy həsr etdiyi adamı kahinin önünə gətirsin ki, kahin onu qiymətləndirsin. Əhdinə əməl edənin gücü nəyə çatırsa, kahin onun qiymətini təyin etsin.  9Əgər bir nəfər Rəbbə qurban gətirilən heyvanlardan birini həsr etsə, bunlardan Rəbbə verilən hər baş heyvan müqəddəs sayılır.  10O adam heyvanı dəyişdirməsin. Nə pisi yaxşı ilə, nə yaxşını pislə əvəz etməsin. Əgər o, heyvanı dəyişdirirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılsın.  11Əgər Rəbbə qurban gətirməyə layiq olmayan hər hansı murdar heyvanlardan birini həsr etsə, qoy o heyvanı kahinin yanına gətirib ona göstərsin;  12kahin onu yaxşı ya pis olduğuna görə qiymətləndirsin və dəyəri onun təyin etdiyinə görə olsun.  13Əgər heyvanı həsr edən onu geri satın almaq istəsə, qoy o dəyərinə beşdə biri qədər əlavə edərək ödəsin.  14Bir nəfər öz evini müqəddəs təqdim kimi Rəbbə təqdis edəndə kahin evi yaxşı ya pis olduğuna görə qiymətləndirsin. Qiymət kahinin təyin etdiyi kimi qalsın.  15Əgər o adam evini geri satın almaq istəsə, qoy o qiymətə görə beşdə birini əlavə edərək ödəsin və ev ona qayıtsın.  16Əgər bir nəfər mülkü olan tarla sahəsini Rəbbə təqdis edirsə, oraya əkilən toxum miqdarına görə bir xomer arpa əkilən tarlanın qiyməti əlli şekel gümüş olsun.  17Əgər o adam tarlasını Azadlıq ilindən başlayaraq təqdis edirsə, bu dəyər olduğu kimi qalsın.  18Əgər tarlasını Azadlıq ilindən sonra təqdis edirsə, kahin onunla qiymətini sonrakı Azadlıq ilinə qədər qalan müddətə görə hesablaşsın və dəyəri belə aşağı salınsın.  19Əgər tarlanı təqdis edən adam onu geri satın almaq istəsə, qoy o, gümüşə görə dəyərinə beşdə birini əlavə edərək ödəsin və tarla ona qayıtsın.  20Əgər tarlanı geri satın almadan başqa birinə satarsa, sonra onu heç vaxt geri satın ala bilməz.  21O tarla Azadlıq ilində azad olanda həmişəlik həsr olunmuş bir tarla kimi Rəbb üçün təqdis edilmiş sayılsın; kahinin mülkü olsun.  22Əgər bir nəfər öz mülkü olmayaraq, satın aldığı bir tarlanı Rəbbə təqdis edərsə,  23qoy kahin onunla Azadlıq ilinə qədər dəyərini hesablasın. O adam həmin gün qiyməti Rəbb üçün təqdis edilmiş bir şey kimi versin.  24Azadlıq ilində həmin tarla mülk olub onu satan adama qaytarılsın.  25Bütün dəyərlər Müqəddəs yerdəki şekelə görə sayılsın. Bu şekel iyirmi geraya bərabərdir.  26Heyvanlar arasında ilk doğulanlar Rəbbə məxsusdur. Heç kim onu yenidən təqdis etməsin. İstər mal-qara, istər qoyun-keçi olsun, onlar Rəbbindir.  27Əgər murdar heyvanın balası olsa, onu gətirən adam ümumi dəyərinə beşdə birini əlavə edərək geri satın ala bilər. Əgər o geri satın alınmırsa, dəyərinə satılsın.  28 Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir.  29Məhv edilməyə həsr olunmuş hər kəs geri satın alınmamalıdır, hamısı öldürülməlidir.  30 Torpağın məhsulundan – onun verdiyi taxıldan və ağacların meyvəsindən bütün onda bir hissə Rəbbə məxsusdur və Onun üçün təqdis edilib.  31Əgər bir nəfər öz onda bir hissəsini geri satın almaq istəsə, qoy qiymətinə beşdə birini əlavə edərək ödəsin.  32Bütün mal-qaradan, qoyun-keçidən onda bir hissə, sayla çoban dəyənəyinin altından keçən hər onuncu heyvan Rəbb üçün təqdis edilmiş sayılsın.  33Qoy heyvan sahibi heyvanlara yaxşı yaxud pis fərq qoyub baxmasın; birini o biri ilə dəyişdirməsin. Əgər o belə dəyişdirsə, dəyişdirilən heyvanların ikisi də müqəddəs sayılıb geri satın alınmamalıdır”».  34Bu, Rəbbin Musaya İsrail övladları üçün Sina dağında verdiyi əmrlərdir.


Текущее время Вс Май 19, 2024 1:23 pm